Tramp-Putin görüşü üçün məkan olaraq Azərbaycan seçilə bilər? – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna münaqişəsinin həlli məqsədilə birbaşa danışıqların keçirilməsi planlaşdırılır. Görüşün yeri kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan da potensial məkan kimi diqqət çəkir. Məlumat bildirək ki, Çin də görüş təklifi ilə çıxış edib.
Daha əvvəl Rusiya və NATO, o cümlədən ABŞ hərbi rəhbərlərinin görüşləri Bakıda baş tutub. Bu, Azərbaycanın neytral və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Azərbaycanın həm Rusiya, həm də ABŞ ilə konstruktiv münasibətləri və strateji mövqeyi belə bir görüşün Bakıda keçirilməsini mümkün edir. Paytaxt, yüksək təhlükəsizlik tələblərinə cavab verən və məxfilik təmin edən infrastruktura malikdir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın belə bir görüş üçün ən uyğun məkanlardan biri olduğunu vurğulayıb:
“Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır. Vaxtilə ABŞ və Rusiya rəhbərlərinin görüşü Bakıda keçirilib. Bu, ölkəmizin sülh proseslərində mühüm rol oynadığını bir daha sübut edir. İndi də Tramp və Putinin görüşünün Bakıda baş tutması tamamilə mümkündür”.
Deputat həmçinin əlavə edib ki, Bakı həm coğrafi, həm də siyasi baxımdan ideal görüş məkanıdır: “Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə tarazlaşdırılmış münasibətləri var. Üstəlik, ölkəmiz regionda təhlükəsizlik və məxfilik tələblərinə tam cavab verir. Bu səbəbdən Bakının potensial görüş yeri kimi seçilməsi təəccüblü deyil”.
Qeyd edək ki, görüşün keçiriləcəyi məkanla bağlı Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də nəzərdən keçirilir. Səudiyyə Ərəbistanı variantı ABŞ-nin Yaxın Şərqdə Rusiyaya diplomatik mesajı kimi qiymətləndirilsə də, Yaxın Şərqin digər güclərinin bu ideyaya münasibəti birmənalı deyil.
Maral Şahverdili
15:18 14.02.2025
Oxunuş sayı: 7873