Paris İrəvanı silahlandırır – Bölgədə yeni gərginlik yaranır - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfəri çərçivəsində Prezident Emmanuel Makronla görüşüb. Görüşdə Bakı-İrəvan sülh danışıqları, regional sabitlik və Ermənistan-Fransa ikitərəfli münasibətləri müzakirə edilib. Paşinyan İrəvanın sülh gündəliyinə və regionda kommunikasiyaların açılmasına sadiq qaldığını vurğulayıb. Tərəflər enerji, yol tikintisi, təhsil, turizm və infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər. Fransa Prezidenti Makron Ermənistanla strateji tərəfdaşlığın əhəmiyyətini qeyd edərək, İrəvanın Avropa ilə daha sıx əlaqələr qurmaq istiqamətindəki addımlarına dəstəyini ifadə edib.
Məsələ ilə bağlı deputat Müşfiq Cəfərov Crossmedia.az-a açıqlamasında Fransanın Cənubi Qafqaz siyasətini tənqid edib. Deputat bildirib ki, Paris neytral vasitəçi rolunda çıxış etmir, əksinə, açıq şəkildə Ermənistana hərbi dəstək verir: “Fransa neytral vasitəçi deyil, Ermənistana hərbi dəstək verən bir ölkədir, o öz maraqları naminə regionda sülhə və sabitliyə maneə olur. Fransa Ermənistana silah-sursat və hərbi texnika, o cümlədən Hava Hücumundan Müdafiə Sistemləri, gecəgörmə cihazları göndərir. Fransanın göndərdiyi silahlar uzun məsafəyə atəş açmaq qabiliyyətinə malikdir. Fransa birmənalı şəkildə Ermənistanı dəstəklədiyini, o cümlədən hərbi cəhətdən silahlandıracağını bəyan edir və bu mövqedə dəyişiklik olmayacağını bildirir”.
Millət vəkili vurğulayıb ki, Ermənistan beynəlxalq siyasətdə subyekt deyil, daha çox obyekt rolunu oynayır və Fransanın Cənubi Qafqazda neokolonializm siyasətinə alət olub: “Ermənistan bir dövlət kimi varlığını özündən güclü dövlətlərin vassalı olaraq qoruyub saxlayıb. Bu səbəbdən də öz mövcudluğunu qorumaq üçün Fransadan nə qədər asılı olmağı Ermənistanı narahat etmir. Bütün bunlar Cənubi Qafqazda olmaq istəyən Fransanı, əksinə olaraq, regiondan daha çox uzaqlaşdırır. Fransa ölkəmizə qarşı məkrli siyasət aparmaqla Mərkəzi Asiya ölkələri ilə əlaqə qurmaq imkanlarından da məhrum olur. Çox təəssüflər olsun ki, Ermənistan Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün bir vasitə olub. Ümumiyyətlə, Ermənistan beynəlxalq münasibətlərin subyektindən daha çox obyektinə çevrilib. Əlbəttə, bütün bunlar Ermənistan üçün yaxşı nəsə vəd etmir”.
Deputat həmçinin Fransa hakimiyyətinin ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyətinə də toxunaraq, Parisin illərdir gizli ermənipərəst siyasət apardığını bildirib: “Fransa Ermənistan–Azərbaycan münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr dövləti idi. Onlar üzdə özlərini bitərəf kimi aparırdılar. Fransızlar digər həmsədrlərlə birgə Azərbaycanı mövcud vəziyyətlə barışmağa çağırırdılar. Ancaq Azərbaycan 2020-ci ildə İrəvanın artan təxribatlarına cavab olaraq, Vətən müharibəsinə başlayandan, torpaqlarını azad etdikdən sonra Fransanın və digər həmsədrlərin əsl niyyətləri üzə çıxdı. Əgər Paris əvvəllər pərdə arxasında ermənipərəst mövqe nümayiş etdirirdisə, artıq üzdə də ermənilərin tərəfində olduğunu ortaya qoydu. Fransa hazırda elə addımlar atır ki, həmin addımlar bölgədə sülh quruculuğuna deyil, müharibəyə başlamaq, münaqişəni hər vasitələrlə canlı saxlamaq siyasətinə xidmət edir”.
Maral Şahverdili
10:07 13.02.2025
Oxunuş sayı: 5028