Fransa böhran içində: Makronun siyasəti ölkəni uçuruma aparır

Fransa son illərdə ard-arda hökumət böhranları və ictimai narazılıqların mərkəzinə çevrilib. Ölkədə iqtisadi problemlər dərinləşir, hökumətin sabitliyi sual altındadır, və Prezident Emmanuel Makron daxili gərginliklərdən yayınmaq üçün xarici siyasət manevrlərinə üstünlük verir. Fransız hərbi ekspert Ksavye Moro isə bildirir ki, Makron Ukraynaya hərbi dəstək verməklə öz imicini qorumağa çalışır, lakin bu yanaşma ölkənin problemlərini daha da artırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirir ki, bütün bu hadisələr Makronun siyasətinin iflasa uğradığını göstərir.
“Ümumiləşdirsək, deməliyik ki, Makronun həm xarici, həm də daxili siyasəti iflasa uğrayıb. Daxili siyasətin nəticəsini isə açıq şəkildə görürük: hakimiyyət və hökumət tez-tez dəyişdirilir. Son vəziyyət də onu göstərir ki, büdcənin qəbul olunması ilə bağlı ciddi problemlər var və ümumilikdə sabitlik təmin edilə bilmir”, – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Makronun xarici siyasəti də uğursuzdur, xüsusilə Ukrayna məsələsində ciddi səhvlərə yol verib: “Müharibənin ilk mərhələsində Ukraynanı dəstəkləməyən Makron, sonradan bu ölkənin ən qatı tərəfdarlarından birinə çevrildi. Lakin nəzərə almaq lazımdır ki, Fransa tərəfindən Ukraynaya real iqtisadi yardım kifayət qədər azdır. Hərbi dəstək mövcuddur, amma onun effektivliyi sual altındadır. Çünki bu yardım çox gecikmiş formada həyata keçirilir”.
Politoloq həmçinin qeyd edib ki, Ukraynaya göndərilən Fransa istehsalı hərbi texnikanın keyfiyyəti də şübhəlidir: “Ukraynalı ekspertlərin fikrincə, bu texnikanın keyfiyyəti aşağıdır və döyüş meydanında gözlənilən nəticəni vermir”.
Bütün bunlara baxmayaraq, Makron Avropada liderliyini qorumağa və Ukrayna siyasətini müəyyən edən əsas fiqur kimi görünməyə çalışır. Lakin İlqar Vəlizadənin fikrincə, bu sadəcə bir PR kampaniyasıdır və real nəticələr verməyəcək: “Makron yeni siyasi düzəndə öz mövqeyini möhkəmləndirməyə, Avropanın lideri kimi çıxış etməyə və Ukrayna siyasətini müəyyən edən əsas fiqur kimi görünməyə çalışır. Ancaq bu, əslində, sadəcə bir PR kampaniyasından başqa bir şey deyil və praktik baxımdan heç bir əhəmiyyətə malik deyil”.
Fransada davam edən siyasi və iqtisadi qeyri-sabitlik, tez-tez dəyişən hökumətlər və büdcə problemləri göstərir ki, ölkə ciddi bir idarəçilik böhranı yaşayır. Daxili gərginliklərə cavab vermək əvəzinə, Makron diqqəti xarici siyasətə yönəltməklə vəziyyəti idarə etməyə çalışır. Lakin ekspertlərin fikrincə, bu yanaşma nə Fransanın daxili problemlərini həll edir, nə də onun beynəlxalq nüfuzunu gücləndirir.
Politoloq İlqar Vəlizadə də qeyd edir ki, Makronun Ukrayna siyasəti reallıqdan uzaqdır və sadəcə siyasi imic yaratmaq məqsədi daşıyır. Fransa iqtisadi yardımdan çox hərbi texnika göndərsə də, bu texnikanın keyfiyyəti və döyüş meydanındakı effektivliyi sual altındadır. Üstəlik, Avropa İttifaqının daxilində Parisin artan təzyiqlərlə üzləşməsi də vəziyyəti daha da çətinləşdirir.
Beləliklə, Makronun siyasəti ölkəni qeyri-müəyyən gələcəyə aparır. Fransa hazırkı idarəetmə ilə nə qədər davam gətirə bilər? Hökumət böhranları və iqtisadi tənəzzül fonunda ölkənin Avropada liderlik iddiası nə dərəcədə realdır? Bu sualların cavabı hələ ki açıq qalır, lakin görünən odur ki, Fransa öz problemlərini həll etmədən qlobal güc mövqeyini qoruyub saxlaya bilməyəcək.
Nihat Tahirov
09:46 13.02.2025
Oxunuş sayı: 3835