Rusiya dünyanı ələ keçirə bilməyəcək – Deputatdan AÇIQLAMA

Almaniya kansleri Olaf Şolts Ukraynanın NATO-ya üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bəyan edib. O bildirib ki, məsələ nə bloklanır, nə də aktiv şəkildə müzakirə edilir. Şoltsun sözlərinə görə, hazırda əsas prioritet Ukraynanın müdafiəsinin təmin edilməsidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-a açıqlama verib. O vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı alyans daxilində ciddi fikir ayrılığı mövcuddur: “Bu məsələ hazırda sadəcə müzakirə predmetidir və konkret qərarlar verilmir. Əsas məsələ müharibəni dayandırmaqdır. Bundan sonra Ukraynanın təhlükəsizliyini hansı qurumun – Avropa İttifaqının, yoxsa Aİ-nin aparıcı ölkələrinin – üzərinə götürəcəyi müzakirə olunacaq”. – deputat qeyd edib.
Asim Mollazadənin sözlərinə görə, “NATO-Rusiya münasibətlərində yaxın zamanda hansısa müsbət irəliləyiş gözlənilmir. Çünki Rusiyanın aqressiv siyasəti NATO-nu daha çox silahlanmağa məcbur edir. Avropa ölkələrinin müdafiə xərclərini artırması da bunu göstərir”.
Deputat həmçinin ABŞ-nin bu prosesdə həlledici rol oynadığını vurğulayıb: “Tarixən Avropanın təhlükəsizliyi ABŞ-nin üzərinə düşüb. Hazırda isə Vaşinqton, xüsusilə Donald Tramp, Avropadan müdafiə xərclərini artırmağı tələb edir. Amerika artıq hər kəsin yerinə maliyyə ayırmayacaq”.
A.Mollazadə yaxın gələcəkdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müsbət qərarın verilməyəcəyini düşünür: “Lakin Ukraynanın təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atılacaq və Rusiyanın təkcə Ukraynanı deyil, digər ölkələri də təhdid etməsinə imkan verilməyəcək”.
O, vurğulayıb ki, Ukraynanın müdafiəsi bütün Avropa ölkələrinin üzərinə düşən bir öhdəlikdir: “Əgər Ukrayna tam işğal olunarsa, bu, Avropa İttifaqının təhlükəsizliyi üçün ciddi risklər yaradacaq. Buna görə də Avropa Ukraynanın müdafiəsinə dəstək verməlidir”.
Deputatın fikrincə, ABŞ Avropaya dəstəyini davam etdirəcək, lakin bu, bəlkə də NATO formatında deyil, fərqli yollarla həyata keçiriləcək. “Rusiya dünyanı ələ keçirə bilməyəcək, çünki onun buna gücü çatmayacaq. Rusiyanın aqressiv siyasəti yalnız qonşu dövlətlərə deyil, bütün dünyaya qarşı yönəlib. Ona görə də ilk növbədə Rusiyanın imkanlarını məhdudlaşdırmaq üçün iqtisadi vasitələrdən istifadə olunacaq. Bu prosesə Çin və Hindistan da qoşulmağa məcbur olacaq”, – deyə Asim Mollazadə əlavə edib.
Maral Şahverdili
14:05 12.02.2025
Oxunuş sayı: 3810