Ermənistan uçuruma sürüklənir...

Son dövrlərdə Ermənistanın sülh prosesinə mane olan addımları və revanşist siyasəti regionda gərginliyi artırmaqda davam edir. Xüsusilə, Baş nazir Nikol Paşinyanın açıqlamaları həm Ermənistan cəmiyyətini müharibəyə yönləndirir, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.
Ermənistanın sürətlə silahlanması, əsassız ittihamlarla Azərbaycanı günahlandırması və xüsusilə, Fransa ilə yaxın əlaqələr fonunda sülh prosesinə zərbə vurması açıq şəkildə görünür. Bütün bunlar onu göstərir ki, Ermənistan real sülhə maraq göstərmir və daha çox geosiyasi oyunların içində yer alır. Lakin beynəlxalq vəziyyət və regionda dəyişən güc balansı Paşinyanı ciddi dilemalar qarşısında qoyur.
Bu barədə Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib: “Ermənistan Baş naziri Nikol Paşinyan son açıqlamasında yenə də həm Ermənistan ictimaiyyətini revanşizmə və Azərbaycanla müharibəyə sürükləyən, həm də beynəlxalq ictimaiyyəti aldadan fikirlər səsləndirib. Digər tərəfdən, Paşinyan Azərbaycanı əsassız ittiham edərək guya sülh prosesinə Azərbaycanın mane olduğunu iddia edir. Halbuki, onun öz bəyanatları Ermənistanın hələ də sülhə hazır olmadığını açıq şəkildə göstərir. Məsələn 44 günlük müharibədən sonra Ermənistan yüksək sürətlə hücum silahları ilə silahlanmağa başlayıb. 2021-ci ildə Ermənistanın hərbi xərcləri 600 milyon dollar idisə, 2024-cü ildə bu rəqəm 1 milyard 600 milyon dollara çatıb. Bu da onu ən çox silahlanan ölkələrdən birinə çevirib. Sülh istəyən dövlət niyə sürətlə silahlanmaya ehtiyac duysun”.
Deputat, Paşinyanın bu cür sərt bəyənatlarını Fransa ilə əlaqələndirib: “Paşinyanın bu cür aqressiv bəyanatları əsasən Fransa səfərlərindən sonra səsləndirməsi də təsadüfi deyil. Onun Fransa Prezidenti Emmanuel Makronla görüşlərindən sonra daha çox ruhlandığı və müharibə ritorikasına kökləndiyi açıq görünür. Fransada verdiyi açıqlamalar da bunu bir daha sübut edir. Hazırda Paşinyanın yeganə müttəfiqi Fransadır”.
Tural Gəncəliyev Ermənistanın uçuruma sürükləndiyini qeyd edib: “Xüsusilə, Paşinyanın Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması məsələsinə münasibəti və Fransadan qayıtdıqdan sonra verdiyi kəskin bəyanatlar Ermənistanın sülhə maraqlı olmadığını sübut edir. Lakin Paşinyanı düşünməyə vadar edəcək məqamlar da var. ABŞ-də baş verən siyasi proseslər, Paşinyanın ABŞ səfərinin uğursuzlulqa nəticələnməsi və USAID kimi terror təşkilatlarının Ermənistana açıq dəstək verməsi onun getdikcə çıxılmaz vəziyyətə düşdüyünü göstərir və Ermənistanı tədricən uçuruma sürükləyir”.
Ayhan Ağarzayev
19:56 11.02.2025
Oxunuş sayı: 5394