Amerikalı generaldan anons: “Ukraynanın müdafiəsi ilə bağlı səylər gücləndirilə bilər”

Rusiya – Ukrayna müharibəsi beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Bu dövr ərzində bir sıra dost dövlətlər, ələlxüsus da ABŞ-nin Ukraynaya dəstəyi müşahidə olundu. Lakin son dövrlər ABŞ-də baş verən hakimiyyət dəyişiklikləri, Donald Trampın prezidentlik kürsüsünə qalxması müharibənin taleyi ilə bağlı suallar yaradıb. D. Trampın qeyd etdiyi fikirlər isə onun bu il sözügedən müharibənin həllində böyük rol oynayacağı qənaətinə səbəb oldu. Artıq, demək olar ki, tərəflər bununla bağlı razılıq nöqtəsinə də yaxınlaşırlar. Belə bir mənzərinin müşahidə olunduğu müddətdə, yaxın günlərdə ABŞ-nin Avropadakı keçmiş komandanı Ben Hodcesin Ukraynanı NATO və Aİ-yə üzv etməyə çağırması maraqla qarşılandı. Maraqlıdır, Ukraynanın NATO və Aİ-yə üzvlüyü nə dərəcədə realdır?
Mövzu ilə bağlı siyasi şərhçi Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, ABŞ-nin hərb sahəsində olan bir əməkdaşının bu tip çağırışları, siyasi elita səviyyəsindəki maraqları özündə ehtiva edir:
"Artıq proseslərin yeni bir səviyyəsi baş qaldırır. ABŞ-nin keçmiş komandanın qeyd etdiyi fikirlər tamamilə siyasi istiqamətdə olub, həm Ukraynanın, həm də ABŞ-nin maraqlarına xidmət edir. Sözügedən hadisə həm də Rusiya-Ukrayna müharibəsinin həlli məsələsinin uzadılması və bunu Ukraynanın mövqeyində möhkəmləndirilməsinə çalışır. Ukraynanın NATO və Aİ-yə üzvlüyü real deyil. Günümüzün Ukraynası üçün bu qapılar o qədər də açıq deyil. İlk növbədə, bunun üçün müəyyən əlverişli şərait gərəkdir. Eləcə də bu onu deməyə əsas verir ki, Qərb, xüsusilə də ABŞ Ukraynanın müdafiəsi istiqamətində səylərini yaxın zamanda daha da artıra bilər. Hazırki vəziyyətdə isə bunların hər biri müharibənin həll prosesinin davam edəcəyi ilə bağlı fikir formalaşdırır".
Aytac Kərimova
13:39 11.02.2025
Oxunuş sayı: 3895