Türkiyə niyə Suriyada hərbi bazar yaradır?- Səbəblər

Türkiyə Suriyanın Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək məqsədilə yeni fəaliyyət planı hazırlamağı öhdəsinə götürüb. Bu qərar Suriyanın keçid dövründəki Prezidenti Əhməd əl-Şaaranın Ankaraya səfəri çərçivəsində verilib. Türkiyə Milli Müdafiə Nazirliyi, Suriya Ordusunun imkanlarını artırmaq üçün konkret addımlar atacağını və bu məqsədlə birgə iş planı hazırlayacağını açıqlayıb. Suriya ərazisində təhlükəsizliyin təmin olunması, bu müzakirələrdə önəmli yer tutub. Beləliklə, bu yeni əməkdaşlıq Türkiyənin Suriya siyasətindəki strateji hədəflərinə və regiondakı mövqeyinin gücləndirilməsinə xidmət edəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Crossmedia.az-a açıqlama verib:
"Məsələ bundadır ki, Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi və yeni hakimiyyətin qurulması ilə Türkiyə həm də Suriyada mövqeyini gücləndirmiş oldu. Buna paralel olaraq, Rusiyanı bölgədən çıxarmağa müvəffəq oldu. İndi isə əsas məsələ Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün artıq əlverişli şərait yaranıb. İndiyə qədər Bəşər Əsəd rejimi Türkiyənin terrorçulara qarşı effektiv mübarizə aparmasının qarşısını alırdı. Lakin bundan sonra Əş-Şəaraa hakimiyyəti Türkiyəyə dəstək verəcək. Mən istisna etmirəm ki, Əş-Şəaraa hakimiyyətə gəlməmişdən əvvəl üsyançıların lideri olduğu dövrdə onunla Türkiyə arasında gizli razılaşma əldə olunmuşdu. Türkiyə Əş-Şəaraaya dəstək olacaq və o da Türkiyənin maraqlarını qoruyacaq. İndi Əş-Şəaraa hökuməti ilə Türkiyə terrorçulara qarşı mübarizədə koordinasiyalı şəkildə hərəkət edəcəklər".
K.Novruzov Türkiyənin Suriyada yaranacaq hərbi imkanlarından danışıb:
"Suriyada Ankaranın hərbi imkanlarını gücləndirməsinə gəldikdə isə burada bir neçə mühüm məsələ var. Birincisi, Türkiyə Suriyada möhkəmləndikcə və hərbi baza qurduqca bu, terrorçulara qarşı mübarizədə istifadə ediləcək. İkincisi, Türkiyə bu yolla Suriyaya olan xarici təhdidlərin qarşısını alacaq. Üçüncüsü isə özü Suriyada daha güclü mövqe tutacaq. Əgər Əş-Şəaraa Türkiyəyə tabe olmaqdan imtina edərsə, o zaman Türkiyə ordusunu sərt şəkildə nümayiş etdirəcək və deyəcək: "Mən buradayam."
Ayhan Ağarzayev
19:15 08.02.2025
Oxunuş sayı: 5485