Rusiya-Ukrayna müharibəsi – Azərbaycan bu siyasətə sadiqdir

Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan qlobal siyasi proseslərdə balanslı mövqe tutmağa davam edir. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib və bu ölkəyə müxtəlif humanitar yardımlar göndərib. Eyni zamanda, Azərbaycan Rusiya ilə də strateji tərəfdaşlığını qoruyaraq, regionda sabitliyi və təhlükəsizliyi təmin etmək məqsədilə Moskva ilə hərbi-texniki əməkdaşlıq müqavilələri imzalayıb. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlərdə tarazlığı qorumaq prinsipinə sadiqliyini göstərir.
Politoloq Oqtay Qasımlı Crossmedia.az-a açıqlamasında Azərbaycanın balanslaşdırılmış siyasətindən danışıb: “Azərbaycan Rusiya-Ukrayna müharibəsində beynəlxalq hüquqa və strateji tərəfdaşlığa uyğun addımlar atır. Belə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq müdafiə edir və savaş başlayandan Ukraynaya humanitar yardımlar göstərir ki, bu humanitar yardımların miqdarı on milyonlarla dollar dəyərindədir. Bu günlərdə prezidentin sərəncamı ilə ayrılmış yeni humanitar yardım da bu humanitar yardımlar paketinin tərkib hissəsidir. Azərbaycan eyni zamanda Rusiya ilə də öz münasibətlərini qoruyur və sanksiyalara qoşulmur. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də bu müharibədə tərəf tutmur. Azərbaycan balanslaşdırılmış və milli maraqlara uyğun siyasət yürüdür”.
Ayhan Ağarzayev
14:26 08.02.2025
Oxunuş sayı: 3974