İsrail ordusuna Qəzzalıların "könüllü köçü" üçün plan hazırlamaq göstərişi verilib

İsrailin müdafiə naziri İsrail Katz cümə axşamı ordudan Qəzza sakinlərinin "könüllü köçü" üçün plan hazırlamağı tələb edib. Bu qərar ABŞ prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək və əhalisini yenidən yerləşdirmək planını açıqlamasından sonra verilib.
Katz "X" sosial şəbəkəsində yazıb: "Prezident Trampın cəsarətli planını alqışlayıram. Qəzza sakinləri dünyada olduğu kimi sərbəst şəkildə köçmək azadlığına sahib olmalıdırlar."
Nazirin sözlərinə görə, plan yerüstü sərhəd keçid məntəqələri, eləcə də dəniz və hava yolu ilə çıxış imkanlarını əhatə edəcək.
Crossmedia.az “Röyters”-ə istinadla xəbər verir ki, HƏMAS rəsmisi Basem Naim isə Katzın açıqlamasını pisləyərək bildirib ki, İsrail hökuməti Qəzzadakı hərbi əməliyyatlarda uğursuzluğunu ört-basdır etməyə çalışır.
"Fələstinlilər torpaqlarına çox bağlıdırlar və heç vaxt oranı tərk etməyəcəklər", - deyə Naim vurğulayıb.
Fələstinlilərin məcburi köçü Yaxın Şərqdə ən həssas və mübahisəli məsələlərdən biridir. Hərbi işğal altında olan əhalinin zorla və ya məcburi şəkildə köçürülməsi 1949-cu il Cenevrə Konvensiyalarına görə müharibə cinayəti hesab olunur.
Son 16 ayda İsrailin hava zərbələri on minlərlə fələstinlinin ölümünə səbəb olub və Qəzza sakinləri dəfələrlə təhlükəsiz yerlərə köçməyə məcbur qalıblar. Bununla belə, bir çox fələstinli Qəzzanı tərk etməkdən imtina edir, çünki onlar 1948-ci ildə İsrail dövlətinin qurulması zamanı baş verən "Nakba" faciəsinin təkrarlanmasından qorxurlar.
Nicat Rüstəmzadə
16:37 06.02.2025
Oxunuş sayı: 3205