Ermənistanda növbədənkənar seçkilər gözlənilir: Paşinyan hakimiyyəti üçün təhlükə

Ermənistanın hakim “Mülki Müqavilə” Partiyası ölkədə növbədənkənar parlament seçkilərinə hazırlaşır. Yerli mətbuatın məlumatına görə, Baş nazir Nikol Paşinyan bu barədə öz yaxın çevrəsinə eyham vurub və hakimiyyəti mümkün fors-major hallarda qorumaq üçün ciddi tapşırıqlar verib. Bununla belə, Paşinyan seçkilərdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı qəti fikir bildirməsə də, öz komandasından bir namizədi dəstəkləmək niyyətində olduğu iddia edilir.
Paşinyan indiyədək dəfələrlə növbədənkənar seçkilərin keçirilməyəcəyini bəyan edib. Lakin son günlərdə onun siyasi addımları və verdiyi açıqlamalar müxalifət tərəfindən seçkilərə hazırlıq kimi qiymətləndirilir. Üstəlik, yayımlanan son ictimai rəy sorğuları göstərir ki, Paşinyanın reytinqi ciddi şəkildə enib – əgər 2018-ci ildə o, 80%-lik dəstəyə sahib idisə, bu gün cəmi 10%-dən bir qədər çox ictimai dəstəyi var.
Hazırda Ermənistan siyasi elitasında və cəmiyyətdə Paşinyanın mümkün gedişləri ilə bağlı müzakirələr gedir. Onun erkən seçkiləri anons etməsi ölkədə siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Müxalifət isə hesab edir ki, son addımlar məhz hakimiyyətin seçkiyə hazırlaşdığını göstərir. Ermənistan qanunvericiliyinə əsasən, ölkədə növbədənkənar parlament seçkiləri 2026-cı ildə keçirilməlidir. Lakin Paşinyanın yeni siyasi strategiyası bu tarixi daha da yaxınlaşdıra bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Hüseyn İbrahimov bildirib ki, növbədənkənar seçki məsələsi hələlik rəsmi gündəmdə deyil: “Buna baxmayaraq, Paşinyan bu mövzuda müəyyən eyhamlar verib. Bu eyhamların reallığa çevrilməsi mümkündür.Lakin yaxın vaxtlarda Ermənistanda parlament seçkilərinin keçirilməsi ehtimalı olduqca azdır. Əgər belə bir seçki baş verərsə, gözlənilir ki, daha çox Qərbyönlü və anti-Rusiya mövqeyində olan milli qüvvələr ön plana çıxacaq. Hazırda Ermənistan siyasi sistemində keçid dövrü yaşanır və bu, Paşinyan hakimiyyəti üçün təhlükəli nəticələrə səbəb ola bilər. Onun Qərbə meylinin artması, ABŞ-la strateji tərəfdaşlığını gücləndirməsi və eyni zamanda ABŞ-Rusiya münasibətlərinin soyuması, Paşinyanın seçki qərarına təsir edə bilər”.
O, əlavə edib ki, Paşinyanın Azərbaycanla sülh prosesindəki mövqeyi onun siyasi reytinqinə təsir edən əsas amillərdəndir: “Ermənistan hökuməti sülh danışıqlarında müəyyən manevrlər edir və həm ABŞ, həm də Rusiya ilə mürəkkəb siyasi oyun qurmağa çalışır. Lakin düşünülməmiş addımlar Paşinyan üçün ciddi nəticələrə gətirib çıxara bilər”.
Nihat Tahirov
13:03 06.02.2025
Oxunuş sayı: 3378