Ərdoğan və əl-Şəra anlaşdı: Türkiyə ordusu Suriyada baza quracaq

Suriya keçid dövrü prezidenti Əhməd əl-Şəra və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında Ankarada keçirilən mühüm görüşdə iki ölkə arasında yeni birgə müdafiə paktı müzakirə edilib. Razılaşmaya əsasən, Türkiyə Silahlı Qüvvələrinin mərkəzi Suriyada hərbi bazalar və aviabazalar yerləşdirməsi, eləcə də yeni Suriya ordusunun yaradılması və hazırlanması nəzərdə tutulur.
Mənbələrin verdiyi məlumata görə, görüşdə Türkiyə ordusunun Suriya hava məkanından hərbi məqsədlərlə istifadə etməsi imkanları da gündəmdə olub. Razılaşmanın əsas məqsədi regionda təhlükəsizliyi və sabitliyi artırmaq, eyni zamanda Suriyanın hava məkanının müdafiə qabiliyyətini gücləndirməkdir.
Siyasi ekspertlər bildirirlər ki, bu razılaşma regionda güc balansını dəyişdirə və Rusiya, İran, ABŞ kimi beynəlxalq oyunçuların Suriyadakı maraqlarına təsir göstərə bilər. Eyni zamanda, bu əməkdaşlığın Suriya müxalifəti və kürd qüvvələri tərəfindən necə qarşılanacağı sual doğurur.
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov Crossmedia.az-a açıqlama verib: “Əlbəttə, Əhməd əl-Şəranın Türkiyəyə səfəri böyük əhəmiyyət daşıyırdı. Çünki Suriyanın bundan sonrakı quruculuğunda Türkiyənin rolu müstəsnadır. Mütəxəssislər səfərlə bağlı ilkin məlumatlar yayılan kimi əsas mövzunun hərbi əməkdaşlıq olacağını proqnozlaşdırırdılar. Nəticə də bunu təsdiqlədi – Türkiyənin Suriyada hərbi baza yaratması müzakirələrin əsas mövzusu idi”.
Onun sözlərinə görə, Suriyanın hazırda ən böyük ehtiyacı hərbi quruculuqla bağlıdır: “Yeni Suriya ilk növbədə hərbi potensialını gücləndirməli, uzun illər davam edən müharibə nəticəsində dağıdılmış silahlı qüvvələrini bərpa etməlidir. Digər tərəfdən, Suriyanın hərbi gücünün Türkiyənin nəzarəti altında yenidən qurulması Ankara üçün də əhəmiyyət kəsb edir. Çünki Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Bu baxımdan, Suriyada Türkiyəyə məxsus hərbi bazalar Ankaranın regiondakı təhlükəsizlik prioritetlərinə xidmət edəcək. Bu bazalardan PKK/YPG terror təşkilatına qarşı istifadə ediləcəkmi? Əlbəttə, ehtiyac olarsa, bu variant istisna olunmur. Amma düşünürəm ki, Suriya hökuməti fəaliyyətini bərpa etdikcə kürd silahlı qrupları elə Suriyanın öz qüvvələri tərəfindən zərərsizləşdiriləcək. Türkiyənin Suriyada hərbi bazalar yaratması, eyni zamanda, onun qlobal oyunçuya çevrilməsi yolunda mühüm addımdır.”
Maral Şahverdili
12:59 06.02.2025
Oxunuş sayı: 7221