10 illik müəllimim, 100 yaşayın

Deyirlər ki, müəllim həyatlara toxunmağı bacaran adamdır. Əslində bu sözdə həqiqət payı az deyil. Belə ki, istənilən şagird və ya tələbə istənilən fənni özü fərdi şəkildə də oxuya, hazırlaşa bilər. Bunun üçün müəllimə o qədər də ehtiyac var. Daha doğrusu, müəllimin işi təkcə bununla bitməməlidir.
Müəllim həm də nümunə olmalı, yol göstərməli, yeri gələndə yetirməsinə hamıdan çox inanmalıdır. Xoşbəxtəm ki, mənim belə müəllimlərim var.
Onlardan biri olan Azərbaycan jurnalistikasının Cahangir müəllimini- professor, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Cahangir Məmmədlini on ilə yaxındır tanıyıram. O, artıq əməkdaşına və doktorantına çevrildiyim doğma Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli Mətbuat Tarixi kafedrasının müdiridir. Həmçinin Yeni Media və Kommunikasiya Nəzəriyyələri kafedrasının müəllimidir.Yüzlərlə jurnalistin, publisistin yetişməsində professorun xüsusi xidmətləri var. O, bunu təkcə özünün jurnalist təcrübəsi, nəzəri bilikləri ilə etmir. Həm də özünün yüksək insani keyfiyyətləri, humanistliyi və mənəviyyatı ilə bacarıb.
Təsadüfi deyil ki, tələbələri həm də ondan həyat dərsi aldıqlarını bildirirlər.
Cahangir müəllimin tələbələri ilə nəfəs aldığını desəm, yəqin ki, yanılmaram.
...Mən bakalavrın ilk pillələrində oxuyanda Cahangir müəllimi təzə- təzə tanıyırdım. Amma, necə deyərlər, deyəsən "gözü məndən su içmişdi". Dəstəyini, diqqətini həmişə göstərirdi.
Cahangir müəllim o zaman keçmiş adı ilə Jurnalistikanın Nəzəriyyəsi və Təcrübəsi, indiki adı ilə Yeni Media və Kommunikasiya Nəzəriyyələri kafedrasının müdiri idi. Dərsdən çıxıb yanına gedirdim. Hər dəfə xoş qarşılayır, "dədə, gəl" deyərdi. Hər dəfə də dərslərimlə maraqlanır, məsləhət verirdi.
Dəfələrlə mənə etimad göstərib, inamını ifadə edib. Mən də hər dəfə onun etibarını doğrultmağa çalışmışam.
Cahangir Məmmədli nə bir semestrlik, nə də dörd illik müəllimlərdəndir. O, mənim ən azı 10 illik müəllimimdir. 10 müəllimimin bu gün 83 yaşı olur. 10 illik müəllimim, 100 yaşayın!
Kənan Novruzov
11:57 26.01.2025
Oxunuş sayı: 37354