Türkiyə Müdafiə sənayesi: istehsal və ixracatda yeni rekordların əldə olunacağı gözlənilir

Türkiyə dost, qardaş və müttəfiq ölkələrin təhlükəsizliyi üçün bir qalxan rolunu oynayır. Türkiyə müdafiə sənayesi dünya ordularının diqqət mərkəzindədir.
Crossmedia.az xarici NTV-yə istinadən bildirir ki, 100-dən çox ölkənin müdafiə xəttini gücləndirən yerli məhsulların ixracı 7 milyard dolları aşaraq rekord qırıb. 2024-cü ildə Türkiyə müdafiə sənayesi qızıl dövrünü yaşayıb və istehsal olunan yerli və milli məhsullar bir çox ölkələr üçün üstünlük təşkil edib.
Bu dövrdə Türkiyə həyata keçirdiyi fəaliyyətlər və qazandığı yüksək səviyyəli təcrübə sayəsində müdafiə sənayesi ixracatı üzrə dünyada 11-ci yerə yüksəlib. Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatı ötən il 7 milyard 154 milyon dollara çataraq yeni bir rekord vurub.
Məlumata görə, bu dövrdə 40 ölkəyə 4500-dən çox quru döyüş texnikası, 3 ölkəyə korvet, 10-dan çox ölkəyə 140 dəniz platforması, 42 ölkəyə sursat və raketlər, 50-dən çox ölkəyə isə 770 PUA, SİHA və TİHA ixrac edilib. Bundan əlavə, 24 ölkəyə 1200 elektro-optik və stabilizasiya edilmiş silah sistemləri, 8 ölkəyə hücum helikopteri, 10 ölkəyə radar, 111 ölkəyə müxtəlif ölçülərdə silah, tüfəng və tapança, 11 ölkəyə 1500 kamikadze dron satılıb.
Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün illik qiymətləndirmə toplantısında, "Biz məhsul istehsal etməklə kifayətlənmirik, həm də ixrac edirik. Dünyanın harasında olursa-olsun, tələbləri ödəmək imkanına sahibik", – deyib.
Ümumilikdə 300-ə yaxın məhsul 180-dən çox ölkəyə ixrac edilib və ən çox satış Avropaya yönəlib. Avropa ölkələrindən ən çox pilotsuz uçuş aparatları (PUA), ağıllı raketlər, quru texnikaları, silah qüllələri, hərbi gəmilər, təyyarə və helikopter strukturları, radar və simulyatorlar üçün sifarişlər alınıb.
2025-ci ildə istehsal və ixracatda yeni rekordların əldə olunacağı gözlənilir. ALTAY tankından ən azı 3 ədədin seriya istehsaldan çıxaraq Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, raketlər üçün yeni mühərriklərin hazırlanması da davam edir.
Qeyd edək ki, Türkiyə ehtiyac duyduğu mühərrikləri öz imkanları ilə istehsal etmək gücünə sahibdir.
Fatimə Məmmədova
20:21 24.01.2025
Oxunuş sayı: 4041