Tramp Avropanı qorxudub – “Qoca qitə” daha müstəqil davranmaq istəyir

Fransa Prezidenti Emmanuel Makron Avropanın suverenliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Parisdə Almaniya kansleri Olaf Şolts ilə görüşdən əvvəl Makron bildirib ki, ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlaması Avropanı daha güclü və müstəqil addımlar atmağa sövq etməlidir. O, Avropanın mövcud çağırışlara yalnız cəsarət və müstəqilliklə cavab verə biləcəyini qeyd edib.
Mövzu ilə bağlı “Atlas” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Crossmedia.az-a bildirib ki, İkinci Dünya müharibəsindən sonra Soyuq Müharibə dövründə Avropa öz təhlükəsizliyini təmin etmək üçün ABŞ-yə güvənib. 1991-ci ildə Soyuq Müharibə başa çatsa da, Amerika Avropanın təhlükəsizliyində mühüm rol oynamağa davam edib.
Şahinoğlunun sözlərinə görə, Avropa öz problemlərini həll etməkdə hələ də qətiyyətli görünmür və təhlükəsizlik məsələlərində ABŞ-dən asılı vəziyyətdədir. Xüsusilə, 1990-cı illərin ortalarındakı münaqişələr zamanı Avropa bu problemləri həll etməkdə çətinlik çəkib və müdaxilə qabiliyyətini göstərə bilməyib. Məhz ABŞ-nin vasitəçiliyi nəticəsində həmin münaqişələrin qarşısını almaq mümkün olub.
O, qeyd edib ki, ABŞ-nin yeni prezidenti Avropanı hərbi güclərini artırmağa çağırır. ABŞ artıq Avropanın təhlükəsizliyini tamamilə öz üzərinə götürmək istəmir, çünki bu, böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən Fransa və Almaniya arasında təmaslar artıb və hər iki ölkə Avropanın problemlərini müstəqil şəkildə həll etmək niyyətindədir. Lakin Avropa İttifaqında 27 ölkənin fərqli maraqları bu məqsədə çatmağı çətinləşdirir.
Elxan Şahinoğlu əlavə edib ki, Fransa və Almaniya Avropanın liderləri kimi çıxış etmək istəsələr də, daxili problemlər və təhlükəsizlik sahəsindəki çatışmazlıqlar bu mövqeni gücləndirməyə mane olur. Əgər Avropa ölkələri hərbi xərclərini artırmasa, Fransa-Almaniya ittifaqı zəif qalacaq. NATO rəhbərliyinin və ABŞ-nin prezidenti Donald Trampın bu məsələdəki mövqeyi də eyni olub: Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır.
Bununla yanaşı, Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin də Avropa üçün ciddi təhlükə yaratdığını vurğulayır. Bu münaqişələrin davam etməsi Avropanın təhlükəsizlik sistemini sarsıda bilər.
Nihat Tahirov
19:06 24.01.2025
Oxunuş sayı: 5871