Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb



- Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
- Crossmedia.az xəbər verir ki, Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı.
- O, Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirdi.
- Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə məlumat verdi.
- Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd etdi.
- Söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparıldı.
- Sonra imzalanma mərasimi oldu.
- Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi”ni İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzaladılar.
16:54 22.01.2025
Oxunuş sayı: 9886