Uitkoff Putinlə görüş üçün Rusiyaya gedib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Osloda keçirilən danışıqlardan sonra Rusiyaya yola düşüb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə oktyabrın 21-də Norveçin paytaxtı Oslodan havaya qalxıb.
Uitkoffun Rusiyanın Sankt-Peterburq şəhərində ölkə rəhbərliyi ilə görüşü nəzərdə tutulur. Danışıqlarda Ukrayna münaqişəsinin həlli istiqamətində irəli sürülən təkliflərin müzakirəsi gözlənilir.
Norveçin Baş naziri Yonas Qar Störe oktyabrın 20-də Osloda keçirilən görüşü konstruktiv qiymətləndirib.
Onun sözlərinə görə, Amerika nümayəndəsi Rusiya rəhbərliyi ilə Ukrayna və Avropa tərəfdaşları arasında müzakirə olunan təkliflər ətrafında fikir mübadiləsi aparacaq.
10:17 21.10.2026
Oxunuş sayı: 46