Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya iki günlük səfəri başlayır.
Crossmedia.az İtaliya mətbuatına istinadən xəbər verir ki, səfərdə onu Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərinin, o cümlədən investisiya şirkətlərinin yüksək vəzifəli şəxsləri müşaiyət edəcək.
Nümayəndə heyətində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Holdinqi, "AzerGold" QSC, "Azəralüminium" MMC, "Baku Steel Company" QSC, "PAŞA Holdinq" MMC, nazirlik yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC təmsil olunur.
Xatırladaq ki, bu ilin mayında SOCAR "Italiana Petroli" (IP) şirkətinin səhm paketinin 99,82 %-ni "API Holding"dən satın alıb. Son nəticədə ilin I yarısının yekununda Azərbaycanın İtaliyaya birbaşa investisiya qoyuluşu 3 miyard 245,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Bu ölkənin birbaşa xarici investisiyalarda xüsusi çəkisi isə 0,8 %-dən 64,9 %-ə yüksəlib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9,2 milyard ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur. Bunun təxminən 8,8 milyard dolları (+3 %) ixracın, 400 milyon dolları (+6,6 %) isə idxalın payına düşüb.
10:02 21.10.2026
Oxunuş sayı: 51