Fənərbağça qələbəni son dəqiqədə əldən verdi
UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda Türkiyənin “Fənərbağça” klubu doğma meydanda Çexiyanın “Slaviya Praqa” komandası ilə 2:2 hesablı heç-heçə edib.
Crossmedia.az xəbər verir ki, İstanbul təmsilçisi matça fəal başlayaraq 4-cü dəqiqədə Oğuz Aydının qolu ilə hesabı açıb. Cəmi yeddi dəqiqə sonra Meyson Qrinvud fərqi iki topa çatdırıb. Lakin 15-ci dəqiqədə Provodun qolu ilə qonaqlar hesab arasındakı fərqi azaldıblar.
İlk hissə “Fənərbağça”nın 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissədə hər iki komanda qol imkanları əldə etsə də, meydan sahibləri fürsətlərdən yararlana bilməyiblər. Qarşılaşmanın 90-cı dəqiqəsində Kaçorun vurduğu qol “Slaviya Praqa”ya bərabərlik qazandırıb.
Bu nəticədən sonra “Fənərbağça” Çempionlar Liqasında üç oyundan sonra xallarının sayını ikiyə çatdırıb. İstanbul klubu turnirdə ikinci heç-heçəsini qeydə alıb.
03:18 21.10.2026
Oxunuş sayı: 65