Zelenski Ukraynada seçkilərin keçirilməsini mümkünsüz sayır
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi əməliyyatlar davam etdiyi müddətdə azad və demokratik seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzeti bu barədə Zelenskinin müsahibəsini dərc edib.
Ukrayna liderinin sözlərinə görə, hazırda ölkə cəmiyyəti üçün əsas məsələ seçkilər deyil, müharibənin başa çatdırılması və normal həyata qayıdışın təmin edilməsidir.
"Biz müharibəni başa çatdırmalı və normal həyata qayıtmalıyıq. Seçkilər keçiriləcək və cəbhədəki hərbçilər, xaricdə yaşayan ukraynalılar, eləcə də ölkə daxilində olan vətəndaşlar səsvermədə iştirak edə bilməlidirlər. Lakin pilotsuz uçuş aparatları və raketlər olduğu halda Qərb müşahidəçilərinin iştirakı ilə azad və demokratik seçkiləri necə təşkil etmək olar? Düşünürəm ki, bu, mümkün deyil", – deyə Zelenski bildirib.
O qeyd edib ki, Avropa ölkələri də mövcud şəraitdə seçkilərin keçirilməsinin Ukrayna cəmiyyətində parçalanmaya səbəb ola biləcəyini anlayırlar.
Zelenskinin fikrincə, belə bir parçalanma ölkə daxilində ciddi siyasi və ictimai böhran yarada bilər.
Xatırladaq ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Ukraynada Rusiya ilə razılaşma əldə edə biləcək yeni prezidentin seçilməsinin vaxtının çatdığını bildirmişdi.
Oktyabrın 11-də Zelenski 60 günlük tam atəşkəsin təmin olunacağı təqdirdə ölkədə prezident seçkilərinin keçirilməsinə hazır olduğunu açıqlamışdı.
Oktyabrın 12-də isə o, mövcud şəraitdə seçkilərin təşkilini tamamilə mümkünsüz adlandırmışdı.
Bununla yanaşı, oktyabrın 18-də Ukrayna lideri seçkilər keçiriləcəyi halda namizəd kimi iştirak etməyə hazır olduğunu bildirmişdi.
17:02 20.10.2026
Oxunuş sayı: 229