"Temu" və "Trendyol"un insanda yaratdığı xəstəliklər - AÇIQLANDI
Bir vaxtlar alış-veriş etmək üçün mağazalara getmək, məhsulları seçmək və pul xərcləməzdən əvvəl düşünmək lazım idi. İndi isə bütün bunlar bir neçə saniyəyə, telefon ekranına toxunmaqla baş verir. Bir bildiriş, gözqamaşdıran endirim və ya “son fürsət” mesajı insanı ehtiyacı olmayan məhsulu belə almağa sövq edir. Ən təhlükəlisi isə odur ki, insan bəzən nə qədər pul xərclədiyini deyil, nəyə görə həmin məhsulu aldığını da sonradan düşünür. "Temu" və "Trendyol" kimi onlayn alış-veriş platformaları geniş məhsul çeşidi, sərfəli qiymətlər və müxtəlif kampaniyalarla insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin rahatlıq və ucuzluq vəd edən bu alış-veriş vərdişi bəzən nəzarətsiz xərcləməyə, lazımsız sifarişlərə və büdcənin gözlənilmədən tükənməsinə gətirib çıxarır. Daim yenilənən endirimlər, məhdud müddətli kampaniyalar və fərdi təkliflər istehlakçıda fürsəti qaçırmaq qorxusu yaradaraq ani qərarları gücləndirə bilər. Beləcə, qənaət etmək niyyəti ilə açılan tətbiq insanı fərqinə varmadan daha çox xərcləməyə aparır və alış-veriş ehtiyacdan çox, gündəlik vərdişə çevrilir.Onlayn alış-verişin gündəlik həyatın bir hissəsinə çevrilməsi insanlarda daha çox istehlak etmək meyli yaradırmı və bu tendensiya cəmiyyətdə qənaət mədəniyyətinin zəifləməsinə, maddi imkanlardan daha çox xərcləmək istəyinin formalaşmasına necə təsir edir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimli bildirib ki, son illər ölkəmizdə insanların onlayn alış-verişə üstünlük verməsi müşahidə olunur: "Bu tendensiya həm ərzaq, həm də qeyri-ərzaq məhsullarını əhatə edir. Qeyri-ərzaq məhsullarının, xüsusilə geyimlərin onlayn sifarişində qiymətin nisbətən ucuz olması əsas amillərdən biridir. Hazır yeməklərin evlərə sifarişi xüsusilə gənclər arasında populyardır. Gecə saatlarında edilən belə sifarişlər isə bəzən yuxu rejiminin pozulmasına və qida mədəniyyətində müəyyən fərqli yanaşmaların yaranmasına səbəb olur".

Sosioloq qeyd edib ki, gündəlik istehlak mallarının onlayn sifarişi insanlara fiziki olaraq mağazaya getmək çətinliyini yaşatmamaqla yanaşı, impulsiv alış-verişin qarşısını alır. Alıcılar mağazaya gedərkən ehtiyaclarından artıq məhsul alsalar da, onlayn sifariş zamanı yalnız lazım olan məhsulları seçdikləri üçün daha qənaətcil bir alış-veriş sistemi formalaşır".
Nuray Oqtayqızı
16:20 20.10.2026
Oxunuş sayı: 191