ABŞ Rusiya və Ukraynanı danışıqlar masasına gətirməyə çalışır
ABŞ Ukraynada müharibənin diplomatik yolla başa çatdırılması üçün səylərini davam etdirir və Rusiya ilə Ukraynanı danışıqlar masasına gətirməyə çalışır.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə dövlət katibi Marko Rubionun Özbəkistana səfəri zamanı verdiyi açıqlamada bildirib.
Rubio bildirib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ABŞ administrasiyasının əsas prioritetlərindən biri olaraq qalır.
"Biz hər iki tərəfi bu müharibənin danışıqlar yolu ilə başa çatdırılmasının mümkün olduğu qənaətinə gətirmək üçün əlimizdən gələni etməyə çalışırıq", – deyə dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirsə də, hələlik gözlənilən irəliləyişə nail olunmayıb.
Bu arada, oktyabrın 19-da ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə müharibəni başa çatdırmaq istəməməkdə yenidən tənqid edib.
Tramp bunun səbəblərindən biri kimi Ukraynaya Avropa ölkələri tərəfindən maliyyə dəstəyinin davam etdirilməsini göstərib. ABŞ Prezidenti daha əvvəl ukraynalıları Rusiya ilə sülh razılaşması əldə edə biləcək yeni prezident seçməyə çağırıb.
Zelenski isə öz növbəsində Trampı Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışmaqda və Ukrayna Silahlı Qüvvələrinə dəstəyi zəiflətməkdə ittiham edib.
Ukrayna lideri Trampın Rusiya Prezidenti Vladimir Putinə dəstək verdiyini iddia edərək bunu "tarixi səhv" adlandırıb.
Zelenski, həmçinin ABŞ-nin rəsmi şəkildə Rusiyanın tərəfini tutacağı təqdirdə Ukraynanın müqavimət göstərmək imkanlarının ciddi şəkildə məhdudlaşacağını bildirib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda Kiyevi legitim hakimiyyət nümayəndəsinin təmsil etməsini vacib hesab etdiyini açıqlayıb.
15:19 20.10.2026
Oxunuş sayı: 139