İndoneziyada 300-dən çox "ASAN xidmət" tipli mərkəz fəaliyyət göstərir
Hazırda İndoneziyada "ASAN xidmət" təcrübəsi əsasında 300-dən çox dövlət xidməti mərkəzi fəaliyyət göstərir.
Bu barədə Crossmedia.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, İndoneziyanın Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika məsələləri üzrə baş direktoru Santo Darmosumartonun rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzində olub. Sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.
İndoneziya tərəfi də öz növbəsində Azərbaycanın "ASAN xidmət" modelinin ölkələrində uğurla tətbiqini, müvafiq sahələr üzrə ikitərəfli əməkdaşlığın növbəti illərdə daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
15:14 20.10.2026
Oxunuş sayı: 114