Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edilib
Elm və Təhsil Nazirliyi süni intellekt və kibertəhlükəsizlik sahəsində elmi tədqiqatların dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan edib.
Crossmedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, müsabiqə Nazirlər Kabinetinin 11 oktyabr 2017-ci il tarixli, 416 nömrəli qərarı ilə təsdiqlənmiş "Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Müsabiqədə nazirliyin tabeliyindəki elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər.
İştirak etmək istəyən şəxslər tələb olunan sənədləri oktyabrın 20-dən etibarən elektron platforma vasitəsilə təqdim etməlidirlər.
Elektron müraciətin qəbulu təsdiqləndikdən sonra sənədlərin çap olunmuş nüsxələri noyabrın 2-dən gec olmayaraq Elm və Təhsil Nazirliyinə çatdırılmalıdır.
Nazirlik müraciət zamanı texniki çətinliklərin yaranmaması üçün sənədlərin son günlərə saxlanılmamasını tövsiyə edib.
Müraciətin qəbulunu təsdiqləyən elektron məktub üç iş günü ərzində daxil olmadıqda iştirakçılar (+994 51) 201 29 71 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edilib ki, müsabiqənin əsas məqsədi süni intellekt və kibertəhlükəsizlik sahələrində elmi potensialı gücləndirmək, elmi-texniki tərəqqini sürətləndirmək və rəqabətqabiliyyətli tədqiqat layihələrini dəstəkləməkdir.
Eyni zamanda, elmi nəticələrin praktik tətbiqinin və kommersiyalaşdırılmasının təşviqi nəzərdə tutulur.
Müsabiqənin şərtləri, iştirak qaydaları və tələb olunan sənədlərlə Elm və Təhsil Nazirliyinin təqdim etdiyi keçidlər vasitəsilə tanış olmaq mümkündür:
15:05 20.10.2026
Oxunuş sayı: 150