Gözəllik standartları, yoxsa şəxsi seçim - Estetik müdaxilələr bizi özümüzdən uzaqlaşdırır?
Bir üz cizgisi kifayət qədər gözəl sayılmır, bir bədən ideal hesab edilmir, qırışlar isə yaşın təbii izi deyil, gizlədilməli qüsur kimi qəbul olunur. Sosial şəbəkələrdə filtrlər, ideal görüntülər və estetik dəyişikliklər insanlara necə görünməli olduqlarını diktə edir. Daha incə bel, dolğun dodaqlar, hamar dəri və qüsursuz bədən arzusu bəzən şəxsi seçimdən çıxaraq cəmiyyətin yaratdığı təzyiqə çevrilir. Gözəllik sənayesi bu narazılıqlardan faydalanaraq insanlara yeni məhsul və prosedurlar təklif edir, nəticədə bir çoxları başqalarına bənzəmək naminə öz görünüşündən narazı qalır. Bu təzyiq yalnız qadınlara deyil, kişilərə də təsir göstərir və bəzən özünəinamın azalmasına, sağlamlıq üçün riskli qərarlara səbəb olur. Halbuki gözəllik anlayışı dəyişkəndir və insanın dəyəri xarici görünüşü, yaşı və ya başqalarının ona münasibəti ilə ölçülməməlidir. İnsanlar görünüşlərində dəyişiklik edərkən daha çox şəxsi istəklərinə əsaslanırlar, yoxsa cəmiyyətin yaratdığı gözəllik standartlarının təsiri altında qalırlar?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən həkim-kosmetoloq Zümrüd Rəhimova bildirib ki, bütün estetik müdaxilə istəklərini yalnız cəmiyyətin təsiri ilə əlaqələndirmək düzgün olmaz:
"İnsan özünü daha baxımlı, daha gənc və daha yaxşı hiss etmək üçün müəyyən dəyişikliklər etmək istəyə bilər və bu, normaldır. Lakin mənim üçün əsas məsələ həmin istəyin haradan qaynaqlanmasıdır. Estetik müdaxilənin məqsədi insanı kiməsə və ya hamıya bənzətmək olmamalıdır. Hər bir insanın özünəməxsus gözəlliyi və təbii üz cizgiləri var. Əsas məqsəd bu xüsusiyyətləri qorumaqla insanın öz görünüşündən məmnunluğunu artırmaqdır.
Digər tərəfdən, yaxşı kosmetoloqun vəzifəsi pasiyentin istədiyi hər proseduru həyata keçirmək deyil. İlk növbədə, hansı müdaxilənin doğru, təhlükəsiz və həmin insan üçün faydalı olduğunu müəyyənləşdirmək lazımdır. Bunun üçün pasiyentin ümumi sağlamlıq vəziyyəti, dərisinin xüsusiyyətləri, mövcud və yanaşı xəstəlikləri, allergiyaları və əvvəllər keçirdiyi estetik prosedurlar nəzərə alınmalıdır. Bütün mümkün risklər əvvəlcədən qiymətləndirilməlidir".
Kosmetoloq qeyd edib ki, tibbi amillərlə yanaşı, pasiyentin psixoloji vəziyyəti də çox önəmlidir:
"Bəzən insan xarici görünüşündə kiçik bir dəyişiklik etməklə özünəinam problemini və ya şəxsi münasibətlərindəki çətinlikləri həll edəcəyini düşünür. Lakin gözləntilər hər zaman reallıqla üst-üstə düşmür. Buna görə də pasiyentin nə istədiyini və prosedurdan hansı nəticəni gözlədiyini düzgün qiymətləndirmək vacibdir. Zərurət yarandıqda, ona psixoloji dəstək almaq da tövsiyə edilə bilər.
Estetik tibbdə ən vacib prinsiplərdən biri ölçünü qorumaqdır. Hər qırışın aradan qaldırılması və ya hər üz cizgisinin dəyişdirilməsi nə zəruridir, nə də məqsədəuyğundur. Bəzən pasiyentə müəyyən prosedurun onun üçün uyğun olmadığını izah etmək, hətta həmin müdaxilədən imtina etmək lazımdır. Bu, peşəkarlığın və məsuliyyətli yanaşmanın göstəricisidir.
Unutmamalıyıq ki, kosmetologiyanın məqsədi yalnız insanın xarici görünüşünü dəyişmək deyil. Eyni zamanda onun sağlamlığını, təbiiliyini və özünə münasibətini qorumaq lazımdır. Nəticədə insan tamamilə başqa birinə çevrilməməli, əksinə, özünü daha yaxşı hiss etməli və özünəməxsusluğunu itirməməlidir".
Nuray Oqtayqızı
15:45 16.10.2026
Oxunuş sayı: 53