İtaliya nəhəngi Almaniya bankını ələ keçirməyə hazırlaşır
Avropa Mərkəzi Bankı (ECB) İtaliyanın “UniCredit” bankına Almaniyanın “Commerzbank” bankındakı payını 30 faizdən yuxarı artırmağa icazə verib.
Crossmedia.az xəbər verir ki, bu qərar “UniCredit”in Almaniya bankına nəzarəti ələ keçirmək istiqamətində mühüm addım hesab olunur.
“UniCredit”in açıqlamasına görə, verilən icazə bankın “Commerzbank”dakı iştirak payını 30 faiz həddindən yuxarı qaldırmasına və əlavə yuxarı məhdudiyyət olmadan artırmasına imkan yaradır.
İtaliya bankı qalan tənzimləyici icazələrin ilin sonuna yaxın alınacağını gözləyir. Proses başa çatdıqdan sonra “UniCredit”in “Commerzbank”da təxminən 50 faiz səsvermə hüququ əldə edərək banka nəzarəti ələ keçirməsi nəzərdə tutulur.
Bununla belə, mümkün satınalma Almaniya hökumətinin və “Commerzbank” rəhbərliyinin müqaviməti ilə üzləşib.
Almaniyanın maliyyə naziri Lars Klinqbeyl bildirib ki, “UniCredit”in baş icraçı direktoru Andrea Orçel ilə danışıqlar konstruktiv şəraitdə davam edir.
Berlin mümkün razılaşma çərçivəsində iş yerlərinin qorunmasını, “Commerzbank”ın baş qərargahının Frankfurtda saxlanılmasını, bankın birja kotirovkasının davam etdirilməsini və kiçik və orta sahibkarlığın kreditləşdirilməsinin təmin olunmasını tələb edir.
Qeyd edək ki, Almaniya hökuməti maliyyə böhranı dövründə milyardlarla avro dövlət vəsaiti hesabına dəstəklədiyi “Commerzbank”ın səhmlərinin 13,3 faizinə sahibdir.
Bankın baş icraçı direktoru Bettina Orlopp isə “UniCredit”in nəzarəti ələ keçirmək cəhdlərinə qarşı çıxsa da, danışıqlar yolu ilə həll variantının tapılmasına çalışır.
14:54 16.10.2026
Oxunuş sayı: 56