Cozef Aun: Müharibə ilə danışıqlar arasında üçüncü seçim yoxdur
Livan Prezidenti Cozef Aun İsraillə müharibəyə son qoymaq üçün danışıqların davam etdiyini bildirib və münaqişənin dayandırılması, İsrail qoşunlarının Livanın cənubundan çıxarılması və məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsinin əsas məqsəd olduğunu vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının açıqlamasında bildirilib.
Aun bu fikirləri Beyrut yaxınlığındakı Baabda prezident sarayında Kaslik Müqəddəs Ruh Universitetinin mediaşünaslıq üzrə tələbələri ilə görüşündə səsləndirib.
Prezidentin sözlərinə görə, regional və beynəlxalq proseslər, eləcə də İsraildə keçirilən seçkilər danışıqların tempinə təsir göstərsə də, təmaslar dayandırılmayıb. Livanın Vaşinqtondakı səfiri Nada Muvad və ABŞ administrasiyası danışıqlar prosesini irəli aparmaq üçün əlaqələri davam etdirirlər.
“Müharibə ilə danışıqlar arasında üçüncü seçim yoxdur. Kiminsə başqa variantı varsa, desin”, – deyə Aun bildirib.
O qeyd edib ki, müharibələr, adətən, tərəflərdən birinin digərini təslim olmağa məcbur edən qəti qələbəsi və ya danışıqlar yolu ilə başa çatır. Prezidentin sözlərinə görə, Livanın məqsədi müharibəni dayandırmaq, İsrail qüvvələrinin geri çəkilməsinə nail olmaq, ölkənin cənubunu qorumaq və yenidən qurmaq, əsirlərin və məcburi köçkünlərin geri qayıtmasını təmin etmək, eləcə də münaqişənin bütün Livan ərazisinə yayılmasının qarşısını almaqdır.
Aun bildirib ki, danışıqlar aparılmasaydı, İsrailin hücumları Beyruta və ictimai obyektlərə qədər çata bilərdi.
Livanla İsrail arasında birbaşa danışıqlar aprelin 14-də ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən görüşlə başlayıb. Sonrakı müzakirələrdə atəşkəs, İsrail qoşunlarının çıxarılması, sərhədlər, əsirlər və itkin düşmüş şəxslər məsələləri nəzərdən keçirilib.
İyunun 26-da tərəflər Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalayıblar. Saziş İsrail qüvvələrinin Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını və onların tərk etdiyi ərazilərdə Livan ordusunun yerləşdirilməsini nəzərdə tutur. Buna baxmayaraq, İsrailin Livanın cənubuna hücumları davam edir və İsrail qüvvələri bölgənin bəzi ərazilərində nəzarəti saxlayır.
Livan rəsmilərinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumları nəticəsində azı 4 386 nəfər həlak olub, 12 413 nəfər yaralanıb, bir milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Görüş zamanı Aun jurnalistikanın dəqiq və məsuliyyətli məlumat yaymaq öhdəliyinə də toxunub. O, medianın insanlara təzyiq göstərmək, onları şantaj etmək və ya şəxsi, maliyyə maraqlarına xidmət etmək üçün istifadə olunmasına qarşı çıxıb.
“Media qurmaq da, dağıtmaq da gücünə malik silahdır”, – deyə prezident bildirib və tələbələri peşəkar etikaya riayət etməyə çağırıb.
Aun söz və mətbuat azadlığına sadiq olduğunu qeyd etsə də, mütləq azadlığın xaosa çevrilə biləcəyini bildirib. Onun fikrincə, milli təhlükəsizlik azadlığın sərhədlərini müəyyənləşdirən amillərdən biridir.
Daxili siyasət məsələlərinə toxunan prezident ictimai maraqların bütün digər mülahizələrdən üstün tutulmasının vacibliyini vurğulayıb. O, dövlətin tam fəaliyyət göstərməsi halında rolunu itirəcək bir siyasi qrupun mövcudluğunu da qeyd edib.
Aun mediada kifayət qədər işıqlandırılmadığını düşündüyü bəzi iqtisadi nailiyyətlərdən də danışıb. Onun sözlərinə görə, Livan Tripoli və Beyrut limanları vasitəsilə Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizinin (IMEC) limanlar şəbəkəsinə qoşulub, həmçinin Kiprlə dəniz sərhədinin delimitasiyası həyata keçirilib.
Prezident bildirib ki, ötən il Livanın iqtisadi artımı 4 faiz təşkil edib, Maliyyə Nazirliyi 1,3 milyard dollar büdcə profisiti qeydə alıb, Mərkəzi Bankın xarici valyuta ehtiyatları isə 2 milyard dollar artıb. Onun sözlərinə görə, cari il üçün 6 faizlik iqtisadi artım proqnozlaşdırılsa da, müharibə bu gözləntilərin reallaşmasına mane olub.
Neft qiymətlərinin yüksəlməsinə toxunan Aun artımı Fars körfəzi regionundakı müharibənin qlobal təsirləri və onun ifadəsi ilə desək, “tacirlərin tamahkarlığı” ilə əlaqələndirib. Prezident dövlətin əhalinin iqtisadi yükünü mümkün qədər azaltmağa çalışdığını bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran buna İsrailə və region ölkələrindəki ABŞ obyektlərinə hücumlarla cavab verib. Apreldə atəşkəs əldə olunsa da, danışıqlarda irəliləyişin olmaması fonunda Vaşinqton sonradan İrandakı obyektlərə yeni zərbələr endirib.
08:00 16.10.2026
Oxunuş sayı: 41