47 min yeni iş yeri açılacaq – Ekspertdən diqqətçəkən açıqlama
Azərbaycanda investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 9,3 milyard manatlıq investisiya qoyuluşu və 47 minə yaxın yeni iş yerinin yaradılması planlaşdırılır. Ölkədə yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin olunması və əmək bazarındakı mövcud tendensiyalar daim ictimaiyyətin və mütəxəssislərin diqqət mərkəzindədir. Hər il minlərlə yeni iş yerinin açılması barədə rəsmi rəqəmlər açıqlansa da, bu göstəricilərin ümumi əmək bazarına və qeyri-rəsmi məşğulluğun miqyasına necə təsir etməsi ciddi müzakirə mövzusudur.
Mövzu ilə bağlı hüquqşünas Sahib Məmmədov Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, 47 min iş yerinin açılması əmək bazarı üçün müsbət haldır, lakin bu, ölkədəki ümumi mənzili kökündən dəyişməyə kifayət etmir:
"Əlbəttə, 47 min iş yerinin açılması əmək bazarına müsbət təsir edəcək, amma əsaslı dəyişikliyə gətirməyəcək. Çünki ölkədə 7 milyona yaxın əmək qabiliyyətli yaşda insan var və bunların yalnız 1 milyon 700 min – 1 milyon 800 minə yaxını muzlu işçi sayılır. Halbuki işləyənlərin ümumi sayı xeyli çox göstərilsə də, onların əksəriyyəti ilə əmək müqaviləsi yoxdur. Kağız üzərində bağlanan rəsmi əmək müqavilələrinin sayını saysaq belə, 1 milyon 800 mini keçmir. Ona görə də bu rəqəm artım baxımından müsbətdir, lakin əsaslı heç bir dəyişikliyə səbəb ola bilməz".
S.Məmmədov vurğulayıb ki, yeni iş yerləri açılmaqla yanaşı, texnoloji yeniliklər fonunda bir sıra sahələrdə iş yerləri də qapanır:
"Eyni zamanda, iş yerləri açıldıqca qapanan iş yerləri də mövcuddur. Xüsusən indi internet kommunikasiya texnologiyalarının inkişafı və süni intellektin tətbiqi bir sıra sahələrdə iş yerlərinin sıradan çıxmasına və ya onlara olan ehtiyacın azalmasına gətirib çıxaracaq. Ona görə də 47 min rəqəmi belə böyük bir rəqəm deyil, özü də bu, müəyyən bir zaman tələb edir. Həmin dövrdə isə əmək bazarına yeni daxil olanların sayı yüz minlərlə olacaq. Bütün hallarda, yeni iş yerlərinin yaradılması hər zaman alqışlanan və müsbət qiymətləndirilən prosesdir".
Fatimə Cabbarlı
16:45 15.10.2026
Oxunuş sayı: 63