Artıq yaşlı insanlar övlad kirayələyə biləcək
Müasir dünyada kapitalist münasibətlər sisteminin sürətlə dərinləşməsi və urbanizasiya sosial strukturun təməli olan ailə institutuna ciddi zərbələr vurur. İnsanların gündəlik qaçhaqaçda bir-birindən uzaqlaşması, nəsillərarası mənəvi bağların qırılması tənhalıq və yadlaşma problemini qlobal səviyyəyə qaldırıb. Bunun ən acınacaqlı təzahürlərindən biri Çində ortaya çıxan "saatlıq övlad" kirayələmə xidmətidir. "The Business Standard" nəşrinin məlumatına görə, Pekin ətrafında təkbaşına yaşayan, həyat yoldaşının vəfatından sonra ağır depressiya keçirən 91 yaşlı Yan soyadlı qadın tənhalıqdan televizorla danışacaq, hətta oğlundan evtanaziya istəyəcək həddə çatıb. Lakin bazarda pullu həmsöhbət xidmətinin yaranması ilə o, özünə "birsaatlıq övlad" tutaraq bu sosial böhrandan çıxış yolu axtarıb. "İctimai övladlar" konsepti ilə tənhalara pulla mənəvi dəstək satılması kapitalizmin insan münasibətlərini mal mübadiləsinə çevirməsinin bariz nümunəsidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, müasir cəmiyyətin və ailələrin bir-birinə yadlaşması uzun müddətdir davam edən, kapitalist sistemin gətirdiyi mənfi tendensiyadır:

"Bu artıq çoxdanın problemidir. Müasir insan, müasir cəmiyyət bir-birinə yadlaşıb, ailələr bir-birinə yadlaşıb. Övladlar valideynlərinə, valideynlər övladlarına yadlaşıb. Bu, müasir kapitalist sistemin gətirdiyi dırnaqarası 'töhfədir'. Artıq bu külək bizdə də əsməyə başlayıb.
Dəyərli iş adamlarından biri ilə söhbət edirdim, o deyirdi ki, Azərbaycanın kiçik şəhərlərinin heç birində ahıllar, qocalar evi yoxdur. Bu o deməkdir ki, bizim mədəniyyətdə qocalara hörmət, dəyər həmişə yüksək səviyyədə olub. Amma Amerikada, Avropada kiçik şəhərlərdə də qocalar evi var. Bu, mədəniyyətlərin fərqini göstərir. İndi bu yaxşıdırmı? Bu yaxşı deyil. Qocalar, ahıllar, valideynlər unudulmamalıdır. Bu, bizim ta qədimdən bu günə qədər mədəniyyətimizin o gözəl hissəsidir. Amma təəssüf ki, müasir kapitalist sistemi bu gözəllikləri tapdalayır, əzir, insanları bir-birinə yadlaşdırır. Nə etməli? Bu dəyərləri təbliğ etmək lazımdır, başqa yolumuz yoxdur. Danışmaq lazımdır, bu gözəllikləri gözəl formada çatdırmaq lazımdır."
Zeynəb Həsən
15:30 15.10.2026
Oxunuş sayı: 61