Tənha ahıllar üçün "birsaatlıq övlad" xidməti işə salınıb
Çində tənha ahıllar ünsiyyət qurmaq məqsədilə özlərinə "birsaatlıq övlad" kirayələməyə başlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Business Standard" nəşri məlumat yayıb.
Bu xidmətdən yararlananlardan biri Pekinin ətrafında təkbaşına ömür sürən 91 yaşlı Yan soyadlı qadındır. Yaşlı qadın həyat yoldaşının vəfatından sonra onda depressiyanın yarandığını bildirib.
Onsuz da ağır olan vəziyyəti isə qlaukoma xəstəliyi daha da çətinləşdirib.
"Bəzən kimsə ilə söhbət etmək istəyəndə televizorla danışırdım", - deyə çinli qadın xatırlayır.
Tənhalıq onun üçün o qədər dözülməz həddə çatıb ki, o, oğlundan evtanaziyaya icazə verməsini xahiş edib. Lakin bazarda pullu həmsöhbətlər kimi yeni bir xidmətin yarandığını öyrəndikdən sonra vəziyyəti yaxşılığa doğru dəyişib. Kirayə götürülən şəxslər onu gündə iki dəfə ziyarət etməyə, eyni zamanda isti yemək gətirməyə və evdəki texnikanı təmir etməyə başlayıblar.
Qadın vəziyyəti belə şərh edib: "Yanında ən gizli düşüncələrini bölüşə biləcəyin birinin olması çox gözəldir. Mən tamamilə xoşbəxtəm".
Bu qeyri-adi biznesin konsepsiyası Van adlı şəxs tərəfindən irəli sürülüb. Layihəni həyata keçirmək ideyası onun qayınatasının pis şəraitli qocalar evinə düşməsindən sonra yaranıb.
O, məsələni belə izah edib: "Biz özümüzü "ictimai övladlar" kimi qəbul edirik - bu, özünü yaşlıların yerinə qoymaq və onların ehtiyaclarını nəzərə almaq deməkdir. Qocalar bizə öz övladları kimi, biz isə onlara öz valideynlərimiz kimi yanaşırıq".
11:52 15.10.2026
Oxunuş sayı: 123