Almaniyada uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət planı hazırlanır
Almaniyada uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət planı hazırlanır
Almaniya hökuməti 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini, 13–18 yaş arası yeniyetmələr üçün isə xüsusi məhdudiyyətlərin tətbiqini nəzərdə tutan əsas prinsipləri qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın Təhsil, Ailə, Yaşlılar, Qadınlar və Gənclər Nazirliyinin açıqlamasında bildirilib.
Qəbul edilən prinsiplər hələ konkret qanun layihəsi deyil. Sənəd hökumətin bu istiqamətdə rəsmi niyyətini əks etdirir. Nazir Karin Prien tərəfindən təqdim olunan strategiya “Rəqəmsal dünyada uşaqların və gənclərin qorunması” üzrə ekspert komissiyasının 56 tövsiyəsinə əsaslanır.
Plan çərçivəsində TikTok, Snapchat və Instagram kimi platformalara 13 yaşdan kiçik uşaqların girişinin məhdudlaşdırılması nəzərdə tutulur. Yalnız pedaqoji baxımdan uyğunluğu təsdiqlənmiş məzmunun bu qadağadan kənarda qalması planlaşdırılır.
Yeniyetmələr üçün xüsusi hesablar yaradılacaq
13–18 yaş arası yeniyetmələrin sosial şəbəkələrdən valideynləri tərəfindən yaradılan və nəzarət edilən xüsusi “mini hesablar” vasitəsilə istifadə etməsi təklif olunur. Bu hesabların funksiyaları məhdudlaşdırılacaq, gündəlik istifadə müddəti isə bir saatla sərhədlənəcək.
Nazir Karin Prien bildirib ki, məqsəd uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil, onları kibertəzyiq və sosial şəbəkələrdə fasiləsiz məzmun izləmək kimi risklərdən qorumaqdır. O, platformaların məsuliyyətinin artırılmasının və valideynlərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Almaniya bu müvəqqəti milli tədbirlərlə Avropa İttifaqı səviyyəsində ortaq minimum yaş həddi ilə bağlı razılaşmanı gözləmədən prosesi sürətləndirməyə çalışır.
Məhdudiyyətlərin hansı tarixdən qüvvəyə minəcəyi qanun layihəsi dəqiqləşdikdən sonra məlum olacaq.
Açar sözlər: Almaniya, sosial şəbəkələr, uşaqlar, yeniyetmələr, TikTok, Instagram, Karin Prien, rəqəmsal təhlükəsizlik
16:43 14.10.2026
Oxunuş sayı: 51