Azərbaycanlı pilot Formula 4 testlərində yüksək nəticə göstərib
Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiyada yerləşən “Slovakia Ring” yarış trasında növbəti testlərini uğurla başa vurub.
Crossmedia.az xəbər verir ki, iki gün davam edən sınaqların əsas məqsədi gənc pilotun sürücülük bacarıqlarını, texniki hazırlığını və potensialını qiymətləndirmək, həmçinin potensial sponsorlara təqdim olunacaq texniki hesabatı hazırlamaq olub.
Bu, Davin Cəfərovun Formula 4 bolidi ilə ikinci test təcrübəsi olub. İlk sınaqlar Portuqaliyanın Portimao trasında güclü yağış şəraitində keçirildiyindən, “Slovakia Ring” onun quru trasda Formula 4 bolidini idarə etdiyi ilk sınaq kimi yadda qalıb.
Uzunluğu 5,935 kilometr olan trasda azərbaycanlı pilotun ən yaxşı nəzəri dövrə göstəricisi 2 dəqiqə 4,282 saniyə təşkil edib. Bu nəticə trasda ilk beşlik uğrunda mübarizə aparan təcrübəli pilotun təsnifat göstəricisindən cəmi 0,75 saniyə geri qalıb.
Komandanın texniki hesabatına əsasən, Davin ilk sessiyalardan etibarən bolidə sürətlə uyğunlaşıb, yüksək idarəetmə bacarığı və sürət potensialı nümayiş etdirib.
Gənc pilotun mühəndislərlə texniki müzakirələr zamanı verdiyi rəylərin telemetriya məlumatları ilə uyğunluq təşkil etdiyi bildirilib. Xüsusilə arxa qanadın sazlanmasından sonra bolidin davranışındakı dəyişiklikləri düzgün qiymətləndirməsi mühəndislər tərəfindən müsbət qarşılanıb.
Testlər zamanı iki dəst yeni və dörd dəst istifadə olunmuş yarış təkərindən yararlanılıb. Formula 4-də təcrübəsi məhdud olmasına baxmayaraq, Davin yeni təkərlərin imkanlarından səmərəli istifadə etməyi bacarıb.
Komandanın yekun qiymətləndirməsində azərbaycanlı pilotun əsas üstünlükləri kimi təbii sürət hissi, bolid üzərində dəqiq nəzarət, sürətli öyrənmə qabiliyyəti və peşəkar yanaşması qeyd edilib.
Testlərin nəticələri Davin Cəfərovun Formula 4-də gələcək inkişafı baxımından ümidverici qiymətləndirilib.
Gənc pilot yaxın gələcəkdə sponsor dəstəyi əldə edərək peşəkar yarış karyerasını davam etdirməyi və uzunmüddətli perspektivdə Formula 1 səviyyəsinə yüksəlməyi hədəfləyir.
16:34 14.10.2026
Oxunuş sayı: 57