Zelenskinin təltif etdiyi hərbçi: Azərbaycanlı olduğum üçün fəxr edirəm
Ukrayna ilə Rusiya arasında davam edən müharibədə ön cəbhədə xidmət edən hərbçilər arasında Azərbaycan əsilli zabitlər də var. Onlardan biri Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində xidmət edən, baş leytenant rütbəsinə yüksəlmiş Əlixan Ruslan oğlu Ağayevdir. 1995-ci ildə Ukraynanın Dnepr şəhərində anadan olan Əlixanın ailə kökləri Azərbaycanın Göyçay rayonuna bağlıdır.
Ukraynada doğulub boya-başa çatan Əlixan Ağayev hərbi xidmət yolunu seçərək Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Peşəkarlığı və döyüş meydanında göstərdiyi şücaətlə baş leytenant rütbəsinə qədər yüksəlib. O, Ukraynanın suverenliyinin və dövlət təhlükəsizliyinin müdafiəsində iştirak edərək müharibənin ağır sınaqları ilə üzləşib.
Əlixan Ağayevin döyüş yolunda diqqət çəkən məqamlardan biri də onun müharibənin ilk aylarında göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir.
Crossmedia.az-a açıqlama verən hərbçi Əlixan Ağayev bildirib ki, 2019-cu ilin fevral ayında Ukraynanın Luqansk vilayətinin Qayevka kəndində, düşmənlə üz-üzə, ön xəttdə antiterror əməliyyatında iştirak edib:

“Həmin əməliyyatlardan sonra, 2019-cu ildə leytenant rütbəsinə yüksəlmişəm. 2022-ci ildə Rusiya qoşunlarının Ukraynaya hücumundan sonra Donetsk vilayətinin Avdiyevka şəhərində ön xətdə döyüşlərdə iştirak etmişəm. Daha sonra Donetsk vilayətində, Toretsk şəhəri istiqamətində gedən ağır döyüşlər zamanı kəndin azad edilməsi uğrunda mübarizə apararkən ağır yaralanmışam. Döyüş zonasından məni zabit dostum çıxarıb. Daha sonra arxa cəbhəyə göndərilmişəm. Xidmətmi arxa cəbhədə davam etdirirəm.
2022-ci ildə döyüşlərdə iştirakıma görə baş leytenant rütbəsinə yüksəlmişəm. Sonradan Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Bohdan Xmelnitski ordeninə layiq görülmüşəm”.

Hərbçi qeyd edib ki, hər zaman bir azərbaycanlı olaraq özü ilə fəxr edib və azərbaycanlı adını yüksək tutmağı özünə fəxr bilib.
Nuray Oqyatqızı
16:45 14.10.2026
Oxunuş sayı: 183