Kreml Ukrayna ilə bağlı sülh planlarına münasibət bildirib
Kreml Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı mediada yayılan sülh təşəbbüslərinə dair məlumatların əksəriyyətinin həqiqəti əks etdirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.
Peskov ABŞ və Avropanın Ukrayna münaqişəsinin həlli üçün birgə sülh planı hazırlaması barədə “The Washington Post” qəzetində dərc olunan məlumatlara münasibət bildirib.
Onun sözlərinə görə, hazırda mətbuatda sülh danışıqları ilə bağlı çoxsaylı məlumatlar yayılır və bunların əhəmiyyətli hissəsi həqiqətə uyğun deyil.
Kremlin sözçüsü iddia edib ki, ABŞ münaqişənin dayandırılması istiqamətində səylər göstərdiyi halda, Avropa ölkələri müharibənin davam etməsinə şərait yaradır.
Peskov bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması istiqamətində işlər məxfi şəkildə aparılır və bu proses davam etdiriləcək. O, Vaşinqtonun Kiyevə hərbi dəstəklə bağlı mövqeyində dəyişiklik olduğunu söyləməyin hələ tez olduğunu vurğulayıb.
Kreml rəsmisi müharibə ilə bağlı razılaşdırılmış beynəlxalq görüşlərin gündəlikdə olmadığını da qeyd edib. O, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patelin Rusiyaya mümkün səfəri barədə yayılan məlumatları şərh etməkdən imtina edib.
Peskov Ukraynada “Starlink” peyk rabitə sisteminə tətbiq edilən sürət məhdudiyyətlərinə də münasibət bildirib. Onun sözlərinə görə, bu cür qabaqcıl texnologiyalardan hərbi məqsədlərlə istifadə olunmaması daha məqsədəuyğundur.
Kremlin sözçüsü süni intellekt texnologiyalarının yaratdığı təhlükələrə də toxunaraq bəzi ölkələrin bu imkanlardan hərbi məqsədlər üçün istifadə etdiyini və yeni çağırışlara hazır olmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, “The Washington Post” ABŞ və Avropanın Ukrayna müharibəsinin dayandırılması üçün yeni sülh təklifi üzərində işlədiyini yazıb.
16:13 14.10.2026
Oxunuş sayı: 54