Laos Prezidenti "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 14-də "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib.
Crossmedia.az-ın məlumatına görə, burada ali qonağa qoruq barədə ətraflı məlumat verilib.
Bildirilib ki, təqribən 14 metr uzunluğunda zolaqda torpağın dərinliklərində gedən tektonik proseslər nəticəsində bərk süxurlarda əmələ gələn çatlardan sızan təbii qazın alışması "Yanardağ"ın yaranmasına səbəb olub. Qeyd olunub ki, dünyada bir neçə belə təbii qaz yanma mənbələri var ki, onların əksəriyyəti Azərbaycandadır.
Qoruğun tərkibində "Yanardağ" – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələrinin də yer aldığı vurğulanıb.
"Yanardağ" və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilib. "Yanardağ" və ətrafındakı ərazilər son Paleolit dövründən etibarən insanlar tərəfindən sıx məskunlaşılmış ərazilər olub. "Yanardağ" ətrafında tapılmış qaval daşı və digər qədim maddi-mədəniyyət nümunələri buna əyani sübutdur.
Daha sonra Laos Prezidenti Thonqlun Sisulit "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun tərkibində fəaliyyət göstərən əl işlərindən ibarət sərgi ilə tanış olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
"Yanardağ"la tanışlıq Prezident Thonqlun Sisulitdə xoş təəssürat yaradıb.
15:04 14.10.2026
Oxunuş sayı: 103