Mirzoyan: Bir səhər oyanıb Türkiyə ilə sərhədin açıldığını eşidə bilərik
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh şəraitində olduqlarını və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş əldə edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Mirzoyan bu barədə Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı danışıb.
“Azərbaycanla sülh şəraitindəyik, baxmayaraq ki, hələ atılmalı bir neçə addım var”, – deyə nazir vurğulayıb.
Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə də toxunaraq, iki ölkə arasında sərhədin hələ də bağlı olduğunu, lakin danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini qeyd edib.
“Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, amma düşünürəm ki, proses xeyli irəliləyib. Tamamilə mümkündür ki, sabah səhər yuxudan oyananda xəbərlərdə ‘Ermənistan-Türkiyə sərhədi açıldı’ başlığını görək”, – deyə Ermənistan XİN rəhbəri bildirib.
14:24 14.10.2026
Oxunuş sayı: 63