Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək
Bu ilin sonuna qədər Qarabağda "Yüksəliş" müsabiqəsinin qaliblərinin forumunun keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Garabakh – 2026") deyib.
O bildirib ki, nazirlik Qarabağ mövzusunda fəaliyyətini daha da genişləndirməyə çalışır: "Yüksəliş" layihəsinin bir neçə qalibi artıq Qarabağda çalışır. Qarabağda çalışmaq, eyni zamanda, insana bir qürur duyğusu və fərəh hissi verməlidir. Son təyinatlara gəlincə, beynəlxalq təşkilatda işləyən bir qalibimiz hazırda Qarabağ Universitetinə transfer olunub. Bizim üçün də çox maraqlı gəldi ki, o, Bakının mərkəzində yerləşən beynəlxalq qurumdakı işini qoyub Qarabağ Universitetində təhsil verməyə və proqram rəhbəri kimi çalışmağa gedib. Bu, həm də "Yüksəliş" seçiminin nə qədər düzgün olduğunun bariz nümunəsidir. Demək ki, insanın dəyərləri təkcə maddiyyatla ölçülmür, mənəvi dəyərləri də çox yüksəkdir. Finalçılarımız kifayət qədər çoxdur və demək olar bütün nümayəndəliklərdə bizim finalçılarımız aktiv kömək edirlər".
Onun sözlərinə görə, "Yüksəliş" komandası olaraq qaliblərlə bir neçə dəfə Qarabağa səfərlər olub və orada müxtəlif layihələr icra edilib.
O həmçinin vurğulayıb ki, gələn il Kəlbəcər rayonunda könüllülük proqramı fəaliyyətə başlayacaq: "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, fond gənclərin bu prosesdə iştirakı və könüllülüyün təşviqi təmin edir. Gənclərimiz həmin ərazilərdə könüllü olaraq fəaliyyət göstərirlər. Təbii ki, bütün ərazilər üzrə fəaliyyət imkanları genişlənir. Hazırda Şuşa, Ağdam, Zəngilan, Laçın, Füzuli və Cəbrayıl şəhərlərində könüllülərimiz aktiv olaraq fəaliyyət göstərirlər".
F. Hacıyevin fikrincə, ixtisas özəlliyi ondan ibarətdir ki, yalnız əsli həmin rayondan olan gənclər o rayonda könüllü olaraq iştirak edə bilər: "Bunun məqsədi təbii ki, yalnız tədbirlərdə iştirak deyil, qayıdış prosesində gənclərin iştirakının birbaşa təmin olunmasıdır. Onların Qarabağda sosial adaptasiyasına dəstək vermək və bundan sonrakı fəaliyyətlərində, istər karyera quranda, istərsə də təşəbbüslərində gənclərin aktiv iştirakını təmin etmək əsas hədəfimizdir. Məqsədimiz gənclərin Qarabağa qayıtdıqdan sonra "burada mənə nə verəcəklər" deyil, "mən burada hansı təşəbbüslə iştirak edə bilərəm, bu qayıdışa hansı töhfəni verə bilərəm" ideyası ilə yaşamaları və bunu reallaşdırmaq üçün imkanları olmalıdır".
Fond rəsmisi bu günə kimi könüllülərin 38 tədbirdə iştirak etdiyini qeyd edib: "Könüllülərin kadr kimi yetişdirilməsi ilə əlaqədar Fond tərəfindən müxtəlif təlimlər təşkil olunur. Bu günə kimi artıq 84 belə təlim keçirilib. Bu təlimlər həm onların Qarabağda könüllü fəaliyyəti üçün hazırlıq, həm psixoloji dəstək, həm də minalarla bağlı maarifləndirici proqramlardır. Eyni zamanda, orada öz təşəbbüslərini reallaşdırmaq üçün lazımi biliklər aşılanır".
13:16 14.10.2026
Oxunuş sayı: 77