Komitə sədri: Azərbaycan öz daxili siyasətinə, suverenliyinə kənardan gələn əsassız ittihamlara dözməyəcək
Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə verdiyi qərara qarşı Türkiyə mediasında kompaniya aparıldı. Kompaniyada verilən qərarı siyasiləşdirib, islam əleyhinəymiş kimi göstərərək ictimai rəyi çaşdırıblar. Verilən qərarın mahiyyətini və məqsədini anlamayan bu media qurumları hətta təhrif edilmiş məlumatların paylaşılmasında da iştirak edirlər. Təssüf ki, son günlər bu kompaniyaya Türkiyənin rəsmi şəxsləri də qoşulub. Belə ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral başqa dövlətin daxili işlərinə qarışa bilmək səlahiyyətini özlərində görərək qərara etiraz edirlər. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Türkiyənin hakim partiyasını siyasi məsuliyyətə çağıran bir bəyanat verdi. Bəyanatda iki dövlətin qardaşlıq münasibətləri, tarixən olan və bu gündə davam edən siyasi-iqtisadi əlaqələrinə nəzər salınıb. Həmçinin uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarının bu kompaniyaya qoşulması narahatlıq yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasətin nəticəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun bir dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı.
Hicran Hüseynova qeyd edib ki, böyük iqtisadi potensial, fəal xarici siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb: "Hazırda aktual məsələlərdən biri xaricdən gələn risklərə qarşı cəmiyyətimizin güclü immunitetinin formalaşmasıdır. Bütün bu məsələləri dərindən bilən, ola biləcək təhlükələri vaxtından əvvəl hiss edən Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında da qeyd etdi ki, "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içine istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir".
Deputat vurğulayıb ki, bu gün xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar: "XIX əsrin 70-ci illərindən başlayaraq, ziyalılarımız, maarifçilərimiz xurafatı, mövhumatı ifşa edir, insanları savada, təhsilə cəlb edirdilər. Xüsusilə də qız övladlarımızı. İndi isə bu radikal qruplar dini-ideoloji təbliğat vasitəsilə xurafatı, mövhumatı azərbaycanlıların həyat tərzinə çevirməyə çalışırlar. Narahatedici məqamlardan biri dini mövzulardan sui-istifadə etməklə sosial iğtişaşları qızışdırmaq cəhdləridir. Xarici qüvvələrin təsiri altında olan radikal qrupların bu cür proseslərdə iştirakı, eləcə də onların sosial sabitliyi pozmağa və təhsil müəssisələrinə zərər vurmağa yönəlmiş fəaliyyətləri ciddi narahatlıq doğurur. Məktəblərə hücumlar və təhsil mühitində gərginlik yaratmaq heç bir dini və ya ideoloji inancla əsaslandırıla bilməz. Digər tərəfdən, uşaqların dini şüarlar və emosional çağırışlar, təzyiqlər vasitəsilə bu kimi hüquqazidd hərəkətlərə cəlb edilməsi xüsusi təhlükə yaradır".
Hicran Hüseynovanın sözlərinə görə, məsələnin ən ağrılı tərəfi odur ki, müxtəlif ölkələrin təsiri altında olan radikal qruplarla yanaşı, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir, səfirliyimizin önündə aksiyalar keçirilir: "Yeni Azərbaycan Partiyasının və Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun son dövrlərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi nümayəndələrinin (o cümlədən Prezidentin baş müşaviri Oktay Saral və bəzi deputatların) Azərbaycana qarşı səsləndirdiyi tənqidi fikirlərə və media kampaniyalarına verdiyi bəyanat olduqça vacibdir. Azərbaycan indiyədək iki qardaş partiya və ölkə arasındakı strateji müttəfiqliyi, "Bir millət, iki dövlət" prinsipini nəzərə alaraq tənqidlərə qarşı təmkinli davranıb. Lakin Türkiyə rəsmilərinin və hakim partiya nümayəndələrinin bu kampaniyaya qoşulması artıq sükutu qeyri-mümkün edib. Azərbaycan müstəqil və suveren dövlətdir. O, balanslı xarici siyasət yürüdür. Digər dövlətlərlə olduğu kimi, İsraillə münasibətlər də normal dövlətlərarası əlaqələrdir. Azərbaycan Fələstinə hər zaman dəstək göstərib (maliyyə, humanitar yardımlar, səfirliyin fəaliyyəti) və "iki dövlət" prinsipinin tərəfdarı olduğunu rəsmi şəkildə bəyan etmişdir. Baxmayaraq ki, Fələstin Azərbaycanın haqlı mübarizəsində yanında olmayıb".
Milli Məclisin Komitə sədri əlavə edib ki, Azərbaycanın təhsil sahəsindəki dünyəvi prinsipləri və daxili qanunvericiliyi müdafiə olunur, daxili qərarlar və dünyəvi dövlət quruluşu siyasi manipulyasiya obyekti ola bilməz: "O zaman, xatırlatmaq yerinə düşər ki, Mustafa Kamal Atatürk Türk dünyasının ilk qadın vəkili və görkəmli hüquqşünas Sürəyya Ağaoğlunu və bacılarını türk qızlarının, təhsilli və müasir qadınların simvolu hesab edirdi. Bu bir həqiqətdir və danmaq mümkün deyil. Türkiyənin bəzi media resurslarında və fərdləri tərəfindən Azərbaycan Prezidentinə qarşı təhqiredici ifadələrin işlədilməsi cəmiyyətdə haqlı hiddət doğurur və bu heç bir halda qəbul edilə bilməz. Ən vacib geosiyasi mesajlardan biri məhz bu ifadənin sərhədlərinin cızılmasıdır. Biz Türkiyə ilə bağlı hər zaman Ulu Öndərimiz Heydər Əliyevin irəli sürdüyü siyasi şüarı əsas götürmüşük: "Bir millət, iki dövlət". "Bir millət" olmaq qardaşlıq və mənəvi bağlar deməkdir, lakin "iki müstəqil dövlət" reallığı heç bir ölkəyə (qardaş Türkiyə belə olsa) digərinin daxili işlərinə qarışmaq, öz ideologiyasını və ya iradəsini diktə etmək haqqı vermir. Azərbaycan öz daxili siyasətinə, dünyəvi dəyərlərinə və suverenliyinə kənardan gələn hər hansı ideoloji təzyiqə və ya əsassız ittihamlara dözməyəcək, qətiyyətlə mübarizə aparacaq. Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi, xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması, gənc nəsli, uşaqları belə təsirlərdən qorumaqdır. Bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməlidir".
Zeynəb Həsən
14:00 14.10.2026
Oxunuş sayı: 67