Qan analizindəki bu göstərici demensiya riskini üzə çıxara bilər
Cənubi Koreyanın Donq-A Universitetinin alimləri adi qan analizinin demensiya riskini xəstəliyə diaqnoz qoyulmazdan illər əvvəl qiymətləndirməyə kömək edə biləcəyini müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Alzheimer's Disease” (JAD) elmi jurnalında dərc olunub.
Araşdırmada 2004–2005-ci illərdə tibbi müayinədən keçmiş, yaşı 40-dan yuxarı olan 316 mindən çox insanın məlumatları təhlil edilib. Alimlər iştirakçıların sağlamlıq vəziyyətini 15 il ərzində izləyiblər.
Nəticələr göstərib ki, qanda hemoqlobinin səviyyəsi demensiya riski ilə əlaqəlidir. Hemoqlobin göstəricisi ən aşağı olan insanlarda xəstəliyin inkişaf riski ən aşağı risk qrupuna nisbətən 16 faiz, ən yüksək göstəriciyə malik şəxslərdə isə 7 faiz çox olub.
Aşağı hemoqlobin səviyyəsi Alzheimer xəstəliyi riskinin 14 faiz, damar mənşəli demensiya riskinin isə 19 faiz artması ilə əlaqələndirilib. Hemoqlobin səviyyəsi ən yüksək olan insanlarda damar mənşəli demensiya riski 18 faiz çox olub. Bu əlaqə xüsusilə qadınlarda daha aydın müşahidə edilib.
Alimlər izah ediblər ki, hemoqlobin orqanizmdə oksigenin daşınmasını təmin edir. Onun aşağı səviyyəsi anemiyaya, yüksək səviyyəsi isə susuzlaşma, siqaret istifadəsi, ürək və ağciyər xəstəlikləri kimi hallara işarə edə bilər. Bu dəyişikliklər ümumi sağlamlıq vəziyyətini əks etdirə və beyin fəaliyyətinə təsir göstərə bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə adi qan analizi demensiya riskinin qiymətləndirilməsində əlavə vasitə kimi istifadə oluna bilər. Bununla belə, araşdırma hemoqlobin səviyyəsinin demensiyaya birbaşa səbəb olduğunu sübut etmir.
Qeyd edək ki, daha əvvəl alimlər artıq çəkili insanların demensiya zamanı ölüm riskinin daha aşağı ola biləcəyini müəyyən etmişdilər.
15:28 13.10.2026
Oxunuş sayı: 153