Akademik Faiq Bağırzadənin 100 illik yubileyinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb
Akademik Faiq Bağırzadənin 100 illik yubileyinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
Crossmedia.az xəbər verir ki,Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən görkəmli alim, akademik Faiq Bağırzadənin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib.
2026-cı ildə neft geologiyası və Cənubi Xəzərin neft-qaz yataqlarının geokimyası sahəsində tanınmış alim, AMEA-nın həqiqi üzvü Faiq Bağırzadənin anadan olmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley münasibətilə hazırlanan nəşrdə alimin həyatının, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas mərhələləri əksini tapıb.
Faiq Bağırzadə 100-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, geologiya və geokimyanın müxtəlif problemlərinə həsr olunmuş dərslik və tədris vəsaitlərinin müəllifidir. Elmi xidmətlərinə görə “Oktyabr İnqilabı” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub, 1980-ci ildə Azərbaycan SSR-in əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Biblioqrafik göstəricidə AMEA Rəyasət Heyətinin qərarı, alimin əsərlərinin biblioqrafiyası, müdafiə etdiyi elmi işlər, kitabları, məqalələri və xəritələri, elmi rəhbərliyi ilə hazırlanmış dissertasiyalar, redaktoru olduğu nəşrlər, eləcə də həyatı və elmi fəaliyyəti haqqında materiallar yer alıb. Nəşrə, həmçinin AMEA-nın müxbir üzvü Misir Mərdanovun alimin həyatına, elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş oçerki daxil edilib.
Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Türkan Vahidovadır.
“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstərici geoloqlar, müvafiq sahə üzrə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.
12:30 13.10.2026
Oxunuş sayı: 49