TürkFİN-dən ödəniş xidmətləri üzrə yeni təşəbbüs
Türk Dövlətləri Fintex Alyansı (TÜRKFİN) ödəniş xidmətləri üzrə lisenziyaların qarşılıqlı tanınmasını hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Türk dövlətlərinin əməkdaşlıq platforması çərçivəsində mərkəzi banklar arasında əməkdaşlığın təməli qoyulub: "Eyni zamanda, AzFina və Türkiyənin Ödəniş və Elektron Pul Təşkilatları Birliyi (TÖDEB) ilə birlikdə digər Türk dövlətlərini də bir araya gətirərək TürkFİN platformasını yaratdıq. Əsas məqsədimiz ortaq platforma formalaşdırmaq və bu platforma vasitəsilə ödəniş imkanlarının genişləndirilməsinə, tənzimləyici çərçivələrin uyğunlaşdırılmasına, xüsusi tənzimləmə rejimində sınaqdan keçirilən məhsulların və rəqəmsal kimlik həllərinin inkişafına nail olmaqdır. Həmçinin ödəniş xidmətlərinin göstərilməsi üçün verilən lisenziyaların ən azı ilkin mərhələdə türk dövlətləri arasında qarşılıqlı tanınmasını hədəfləyirik".
E. Abdullayev qeyd edib ki, növbəti mərhələdə məqsəd Azərbaycanda Mərkəzi Bank tərəfindən lisenziya almış elektron pul təşkilatının istifadəçisinin Türkiyədə və ya Özbəkistanda da eyni hesab vasitəsilə ödəniş xidmətlərindən yararlana bilməsidir: "Maliyyə ekosistemi üçün digər mühüm nailiyyət isə ani ödəniş sistemlərinin inteqrasiyası ola bilər. İlkin mərhələdə Azərbaycan və Türkiyənin, daha sonra isə Mərkəzi Asiyadakı Türk dövlətlərinin ortaq ödəniş ekosisteminə qoşulması və bu sistem vasitəsilə bir-birləri arasında ödəniş əməliyyatları həyata keçirməsi əsas hədəflərimizdəndir".
O həmçinin vurğulayıb ki, Türk dövlətləri arasında maliyyə köçürmələrinin ucuzlaşdırılması hədəflənir: "Əslində, maliyyə nəzarətinin düzgün qurulması hər bir ölkənin özü üçün, eləcə də Türk dünyasının iqtisadi suverenliyinin və təhlükəsizliyinin təmin olunması deməkdir. Bu səbəbdən sistemin qurulması bütün risklərin nəzərə alınması və risk əsaslı yanaşma ilə tənzimlənməsi üçün bir qədər vaxt apara bilər. Əsas məqsədimiz köçürmələrdə sərbəstliyin təmin olunması, ucuz və sürətli maliyyə əməliyyatlarının həyata keçirilməsi imkanının yaradılmasıdır. Türk dövlətlərinin ani ödəniş sistemləri üzərindən bir-biri ilə əlaqə qura bilməsi o deməkdir ki, beynəlxalq ödənişlər zamanı türk dövlətləri arasında köçürmələr daha ucuz, çevik və ən əsası, daha təhlükəsiz həyata keçiriləcək."
11:51 13.10.2026
Oxunuş sayı: 47