AMB süni intellektlə bağlı yeni çərçivə hazırlayır
Azərbaycan Mərkəzi Bankı (AMB) data və süni intellektin idarə edilməsi üzrə çərçivə hazırlayır.
Crossmedia.az xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ilk mərhələdə tövsiyə formasında təqdim ediləcək çərçivənin gələcəkdə qaydalara çevrilməsi nəzərdə tutulur: "Həm fintexlərdə, həm də digər maliyyə institutlarında dayanıqlı İT infrastrukturu olmalıdır. Bu səbəbdən hazırda təhlükəsizlik, İT, eləcə də data və süni intellektin idarə edilməsi üzrə çərçivələri sektor nümayəndələri ilə birlikdə hazırlayırıq ki, onları da bazara təqdim edək. Bütün bunlar innovasiyalar və rəqəmsallaşmanın bazara təhlükəsiz şəkildə gətirilməsinə imkan yaradacaq. Düşünürəm ki, fintexlər bu kompleks, lakin çox maraqlı sahədə yerlərini tutmalı, həm özləri dəyər yaratmalı, həm də maliyyə sektoruna əlavə dəyər qazandırmalıdırlar. Bu gün regionda mövcud olan yaxşı münasibətləri və geniş imkanları nəzərə alaraq hesab edirəm ki, yaratdığımız dəyər bütün regiona fayda verməlidir".
11:22 13.10.2026
Oxunuş sayı: 53