İstanbulda qolf üzrə ənənəvi "Zəfər Turniri 2026" keçirilib
İstanbulda Azərbaycan və Türkiyənin birgə təşkil etdiyi ənənəvi qolf yarışı – sayca 4-cü "Zəfər Turniri 2026" keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qolf Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Kemer Country Golf Club"da baş tutan yarış Azərbaycan və Türkiyə Qolf Federasiyaları arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi, hər iki qardaş ölkədə qolf idmanının inkişafı, eləcə də idmançılar arasında qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hər il növbə ilə Azərbaycan və Türkiyədə təşkil olunan yarışa bu dəfə Türkiyə ev sahibliyi edib. Turnirdə hər iki ölkənin qolfçuları mübarizə aparıblar.
Yarışı Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının rəhbəri Yıldırım Dəmirörən də izləyiblər.
R.Xəlilov turnirin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Dəmirörənə, yerli federasiyanın əməkdaşlarına və üzvlərinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib
Federasiya rəhbəri qolfun yalnız idman növü deyil, həm də xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm vasitə olduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Türkiyə üçün artıq ənənəyə çevrilmiş bu turnirin əhəmiyyətini vurğulayıb və iki ölkə arasında idman əməkdaşlığının gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
İdman sahəsində "Bir millət, iki dövlət" prinsipinin növbəti təzahürü olan "Zəfər Turniri 2026" Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, qarşılıqlı hörmətin və möhkəm idman əməkdaşlığının rəmzinə çevrilib. Azərbaycan Qolf Federasiyası iki ölkə arasında qolf sahəsində əməkdaşlığın genişləndirilməsini, eləcə də bu ənənəvi turnirin gələcəkdə də keçirilməsini dəstəkləyir.
10:51 13.10.2026
Oxunuş sayı: 47