Lənkəranda ağaclar aşdı, kənd işıqsız qaldı
Lənkəranda dolu, intensiv yağış və güclü külək nəticəsində ağaclar aşıb, elektrik, internet və qaz xətlərinə ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, səhər radələrindən başlayaraq Lənkəranın bir sıra kənd və yaşayış məntəqələrinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.
Dolu yağışından sonra ərazidə intensiv yağıntı və güclü külək qeydə alınıb. Külək xüsusilə Zövlə kəndində ciddi fəsadlara səbəb olub. Təxminən 15 irigövdəli ağac aşıb və yola düşüb.
Aşan ağaclar səbəbindən yol təxminən bir saat bağlı qalıb. Əraziyə cəlb olunan ağır texnikaların köməyi ilə ağaclar yoldan götürülüb və nəqliyyatın hərəkəti bərpa edilib.
Ağacların aşması kəndin elektrik təsərrüfatına, internet və qaz xətlərinə də ziyan vurub. Hazırda Zövlə kəndində elektrik enerjisinin verilişi dayanıb.(Apa)
09:43 03.10.2026
Oxunuş sayı: 12