Atlantik okeanında tibbi təyyarə qəzaya uğradı: 6 nəfər ölüb
Bermud adalarından ABŞ-nin Boston şəhərinə xəstə daşıyan tibbi təyyarənin Atlantik okeanı üzərində qəzaya uğraması nəticəsində göyərtədəki 6 nəfərin həlak olduğu ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Xidmətinin məlumatına görə, qəzaya uğrayan təyyarədə Bermud vətəndaşı, 66 yaşlı Merilin Lavonn Bin, onun oğlu Serxio Ueyn Lottimor və dörd kanadalı ekipaj üzvü olub.
Ekipaj üzvlərinin Filip Qreqori Çilderhaus, Tomas Henri Farkuar, Sara Ceyn Paton və Colin Bet Ueyr olduğu açıqlanıb.
Məlumata görə, Merilin Lavonn Bin insult keçirdikdən sonra müalicə məqsədilə Bermud adalarından Bostona aparılırmış. Oğlu Serxio Ueyn Lottimor da anasını müşayiət edirmiş.
Lottimorun “Hamilton Re” təkrarsığorta şirkətində baş vitse-prezident və xüsusi təkrarsığorta bölməsinin rəhbəri vəzifəsində çalışdığı bildirilib.
Şirkət yaydığı açıqlamada onun vəfatından dərin kədər hissi keçirdiyini bildirib, Lottimoru hörmət edilən rəhbər, həmkar və dost kimi xarakterizə edib.
18:11 09.10.2026
Oxunuş sayı: 62