Əsgəranda inəyin sahibi 100 manat cərimələndi
Xocalı rayonunun Əsgəran qəsəbəsində avtomobilin inəyi vurması nəticəsində nəqliyyat vasitəsinə 3 545 manat ziyan dəyib, heyvanın sahibi isə 100 manat cərimələnib.
Crossmedia.az xəbər verir ki, şirkətlərdən birinə məxsus “Hyundai Matrix” markalı avtomobil qəsəbə ərazisində hərəkətdə olarkən bir inəyi vurub.
Faktla bağlı mal-qaranı nəzarətsiz qoyan 34 yaşlı şəxs barəsində inzibati protokol tərtib edilib.
Həmin şəxs izahatında hadisə günü beş baş mal-qarasını dağlıq ərazidə otlamağa buraxdığını bildirib. Sonradan heyvanların yoxa çıxdığını görüb və uzun müddət axtarsa da, birini tapa bilməyib. Saat 22 radələrində ona heyvanlardan birinin avtomobil tərəfindən vurulduğu barədə məlumat verilib.
O, mal-qaranı nəzarətsiz qoyduğuna görə peşman olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini istəyib.
Məhkəmənin qərarı ilə həmin şəxs 100 manat məbləğində inzibati qaydada cərimələnib.
13:54 09.10.2026
Oxunuş sayı: 55