Britaniya İsrailə qarşı yeni tədbirlər hazırlayır
Böyük Britaniya İsrailin işğalı altında olan İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrində istehsal olunan malların alınmasına yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Xarici işlər naziri Ed Milibandın sentyabrın 8-də parlamentdə hökumətin yeni tədbirlərini açıqlaması gözlənilir. Tədbirlər yaşayış məntəqələrindən kənd təsərrüfatı məhsullarının ticarətinə məhdudiyyətlər qoyulmasını da əhatə edə bilər.
Miliband ötən həftə Britaniya hökumətinin İsrailə dair siyasətində “hərtərəfli yenilənmə” elan edəcəyini bildirmişdi. Britaniya hökuməti sentyabrın 7-də də İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələrinin genişləndirilməsini qəbuledilməz adlandıraraq buna cavab olaraq hərtərəfli tədbirlər açıqlayacağını bildirib.
İsrail hökuməti isə daha əvvəl yeni tədbirlər tətbiq ediləcəyi təqdirdə buna cavab verəcəyini xəbərdar edib.
Beynəlxalq hüquqa əsasən İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələri qanunsuz hesab olunur. Son aylarda bölgədə israilli məskunlaşanların fələstinlilərə qarşı zorakılığının artdığı bildirilir. Britaniya hökuməti də avqust ayında İsrailin E1 yaşayış məntəqəsi layihəsi ilə bağlı tender elan etməsini tənqid edib və bütün yaşayış məntəqələrinin beynəlxalq hüququ açıq şəkildə pozduğunu bildirib.
Britaniya hökumətindən bir nazir “BBC”yə bildirib ki, yeni bəyanat Londonun İsrail-Fələstin münasibətlərində “tam yenilənmə” demək olacaq. Onun sözlərinə görə, məsələ yalnız sanksiyalarla məhdudlaşmayacaq.
“BBC” qeyd edir ki, hökumətin hazırladığı tədbirlərin bütün detalları hələ məlum deyil.
17:37 08.09.2026
Oxunuş sayı: 43