Kriptobazarda qarışıq dinamika
Bitcoin 79 621 dollara qədər ucuzlaşıb, Zcash və Bittensor isə gün ərzində ikirəqəmli artım göstərib. ABŞ Federal Ehtiyat Sisteminin sentyabrda faiz artıra biləcəyi ilə bağlı gözləntilərin güclənməsi kriptobazarına təzyiq göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, kriptovalyuta bazarında əsas aktivlər üzrə fərqli dinamika müşahidə olunur.
Bitcoinin qiyməti 0,52 faiz azalaraq 79 621 dollar təşkil edib. Ethereum 0,36 faiz ucuzlaşaraq 2 499 dollara, BNB isə 2,51 faiz geriləyərək 746 dollara düşüb.
Bununla yanaşı, bəzi altkoinlərdə yüksəliş qeydə alınıb. Zcash 11,16 faiz bahalaşaraq 1 190 dollara, Bittensor isə 13,83 faiz artaraq 271 dollara çatıb.
Bazar iştirakçıları Bitcoinə təzyiqin əsas səbəblərindən biri kimi ABŞ Federal Ehtiyat Sisteminin sentyabr iclasında faiz dərəcəsini artıracağı ilə bağlı gözləntiləri göstərirlər. Son günlər güclü əmək bazarı göstəriciləri və inflyasiya ilə bağlı narahatlıqlar bu ehtimalları artırıb.
Hazırda investorların diqqəti ABŞ-da açıqlanacaq yeni inflyasiya göstəricilərinə yönəlib. Bu məlumatların Federal Ehtiyat Sisteminin sentyabrın 15-16-da keçiriləcək iclasında verəcəyi qərara təsir göstərəcəyi gözlənilir.
12:24 07.09.2026
Oxunuş sayı: 57