Hacı Zeynalabdin Tağıyev: Unudulmayan xatirə
Bu gün, Azərbaycan xalqının unudulmaz oğlu, böyük mesenat, neft sənayesinin öncülü və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfat günüdür. 1924-cü ilin bu günü o, Mərdəkan bağ evində dünyasını dəyişdi.
Kasıb başmaqçı ailəsində doğulan, oxuma-yazma bilməyən, uşaqlıqdan ağır zəhmətlə böyüyən bu insan öz əməksevərliyi, uzaqgörənliyi və qəlbinin genişliyi ilə Azərbaycan tarixində silinməz iz qoydu. Neft sənayesində qazandığı sərvəti xalqının maarifinə, mədəniyyətinə və rifahına sərf etdi. Müsəlman Şərqində ilk qızlar məktəbini açdı, teatr binası tikdirdi, yüzlərlə gəncə təhsil almaq imkanı yaratdı, yol, su kəməri, xəstəxana və digər sosial obyektlərin inşasına yardım göstərdi. O, sadəcə varlı adam deyildi — xalqın atası kimi sevilən, ehtiyacı olan hər kəsə əl uzadan bir şəxsiyyət idi.
Sovet hakimiyyəti qurulduqdan sonra bütün mal-dövləti əlindən alındı. O, yalnız Mərdəkan bağını saxlaya bildi və ömrünün son illərini orada keçirdi. 1924-cü il sentyabrın 1-də ağciyər iltihabından vəfat etdi. Vəsiyyətinə görə Axund Hacı Turabın ayağı altında dəfn olundu. Dəfni böyük izdihamla müşayiət edildi — xalq öz atasını son mənzilə yola salırdı.
Bu gün də onun adı hörmətlə yad edilir. Bakıda heykəli ucaldılıb, küçələr, məktəblər onun adını daşıyır. Hacı Zeynalabdin Tağıyev göstərdi ki, həqiqi sərvət pulda yox, xalqa xidmətdədir.
Nigar Xəlilli
15:40 01.09.2026
Oxunuş sayı: 55