17 yaşlı Gülay yarışlara buraxılmır? – Federasiyadan iddialara CAVAB
Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyevanın bir
ildir bütün idman yarışlarından kənarlaşdırıldığı iddia olunur.
Crossmedia.az bu məsələni araşdırıb.
Suallarımızı 17 yaşlı idmançı Gülay Fərzəliyevanın özü cavablayıb. O, iddia edib ki, hazırda heç bir yarışda iştirak edə bilmir:

“Yarışlardan uzaqlaşdırılma səbəbi atam barəsində başlanmış cinayət işidir. Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə, atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.

Qeyd edək ki, Gülayın atası Vüsal Fərzəliyevdir. O, bir
il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. Bu məsələ ilə bağlı deyir ki,
ona atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb. Sonradan isə həmin
əşyaların oğurluq olduğu üzə çıxıb. Özünü təqsirli hesab etməyən V. Fərzəliyev
cinayət məsuliyyətinə cəlb edilib. 8 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına
buraxılıb, indi isə məhkəmə araşdırması davam edir.
Həmçinin Gülay uzun illər ərzində atçılıq üzrə peşəkar hazırlıq keçərək müxtəlif fəndlərə yiyələnib. Bir il əvvələ qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Kompleksində hazırlaşaraq müxtəlif yarışlara çıxıb. Hazırda gənc idmançının əsas istəyi yarışlara qayıtmaq, turnirlərdə bacarıqlarını nümayiş etdirmək və yenidən Azərbaycan bayrağını qaldırmaqdır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Atçılıq
Federasiyasından sorğumuza cavab olaraq bildirilib ki, Federasiyanın təşkil
etdiyi yarışlarda iştirak edən idmançılar müxtəlif klubları təmsil edirlər və
yarışlarda iştirakı üçün klublar bu idmançıların adlarını əvvəlcədən sifariş
edirlər:
“Adını çəkdiyiniz Gülay Fərzəliyeva Sərhədçi klubunun yetirməsidir. Onun yarışlardan kənarlaşdırılması federasiyanın tələbi deyil. Sərhədçi klubu bu idmançını yarışların sifariş ərizəsinə daxil etməyibsə, biz onu müsabiqəyə buraxa bilmərik. Bu, Sərhədçi klubunun daxili işidir və biz buna müdaxilə edə bilmərik. Digər tərəfdən, Gülay Fərzəliyevanın adı başqa klubun adından sifariş ərizəsinə daxil edilərsə, həmin klubun adından çıxış etməsinə məhdudiyyət ola bilməz.

Gülay 4 yaşından at çapır. 9 yaşında olarkən DSX rəisi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev onunla görüşüb, peşəkar məşqlərə cəlb olunması, lazımi avadanlıqla təmin edilməsi və məşq şəraitinin yaradılması barədə tapşırıq verib. O, çoxsaylı yarışlarda iştirak edib, birinci və ikinci yerləri tutub”.
Məhəbbbət Tərlanoğlu
14:54 29.08.2026
Oxunuş sayı: 119