Ermənistanın Ukraynaya PUA istehsalı vədi boş bir iddiadır
Ermənistanın Ukrayna üçün pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı texnologiyaların istehsalına cəlb oluna biləcəyi barədə məlumatlar gündəmə gəlib. İddialara görə, Ermənistanda mövcud istehsal imkanlarından istifadə etməklə Ukrayna ilə birgə PUA-ların və ballistik silahların, əsasən isə onların yığılmasının təşkili müzakirə olunur. Bu iddialar Ermənistanın hərbi-sənaye potensialı, iqtisadi imkanları və belə layihələrin regiondakı geosiyasi vəziyyətə mümkün təsiri ilə bağlı suallar yaradır. Xüsusilə Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda Ukrayna ilə hərbi-texniki əməkdaşlığın hansı nəticələrə səbəb ola biləcəyi də diqqət çəkir. Bəs Ermənistanın buna potensialı varmı? Elə onları məhv edən PUA deyildimi?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırkı reallıqlar fonunda Ermənistanın Ukrayna üçün PUA istehsal etməsi ilə bağlı iddiaların ciddi əsası yoxdur: “Ermənistanın Ukrayna üçün pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı texnologiyaların istehsalına cəlb oluna biləcəyi barədə məlumatların, ən azı indiki məqamda, ciddi əsası olduğunu düşünmürəm. Ermənistan Rusiyanın təzyiqi altındadır. Ermənistanda 5 minə yaxın Rusiya hərbçisi var. Onların 4 mini 102-ci bazada, 1000 nəfəri isə sərhədçi qismində xidmət edir. Ermənistanla Rusiya arasında son vaxtlar böyük gərginlik yaşanıb. Bu, həm parlament seçkiləri ərəfəsində, həm də sonrakı dövrdə özünü göstərib. Xüsusilə Rusiyaya bağlı olduğu bildirilən şəxslərin həbsləri də bu gərginliyi artırıb. Ermənistan mövcud vəziyyəti çox yaxşı başa düşür. İndi müxtəlif məlumatlar yayılır ki, guya Ermənistan Ukrayna üçün PUA-lar hazırlayır, ballistik silahların istehsalında iştirak edir. Amma mən bu məlumatların reallığına inanmıram və düşünürəm ki, belə iddialar reallıqdan çox uzaqdır. Gələcəkdə bu, mümkün ola bilər. Heç kim istisna edə bilməz ki, Ermənistanın iqtisadi imkanları və vəziyyəti buna şərait yaradarsa, belə birgə və ya təkbaşına layihələr həyata keçirilsin. Amma 2026-cı ilin mövcud reallıqlarından çıxış edərək deyə bilərəm ki, belə bir istehsal hazırda Ermənistanın imkanları xaricindədir və Ermənistanın indiki mərhələdə belə bir layihəyə getməsi real görünmür”.

Ü.Cəfərov qeyd edib ki, son vaxtlar Ermənistanla Ukrayna arasında yeni yaxınlaşma müşahidə olunur: “Ermənistan Ukraynanın müəyyən addımlarını dəstəkləyir. Hətta nəzəri xarakterli belə addımlar Rusiyanı qıcıqlandırır və Rusiyanın Ermənistana qarşı daha sərt mövqe tutmasına səbəb ola bilər. Ona görə də düşünmürəm ki, Ermənistanın hazırda Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal etmək potensialı var. İndiki həssas məqamda belə bir addım Ermənistanın özünə qarşı addım atmasına, necə deyərlər, öz ayağına atəş açmasına bənzəyər. İddialar çox ola bilər, necə ki, var. Amma Ermənistanın hazırkı iqtisadi və istehsal imkanları Ukrayna ilə hər hansı belə layihəni tam gücü ilə həyata keçirməyə yetərli deyil”.
Zərnigar Hüseynli
20:00 28.08.2026
Oxunuş sayı: 43